Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Vigen Sarkisyan iki ölkə arasında birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında saziş imzalayıblar. APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, imza mərasimi bu gün Moskvada MDB müdafiə nazirlərinin toplantısı çərçivəsində baş tutub.
Nazirlər 2017-ci il üçün əməkdaşlıq planına da imza atıb. S. Şoyqu bildirib ki, Rusiya Ermənistanla hərbi təhsil sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. Nazir deyib ki, Rusiya-Ermənistan münasibətləri müxtəlif razılaşmalar və müqavilə-hüquq bazası əsasında yaxşı qurulub: “Ən əsası isə Rusiya ilə Ermənistan arasında tarixi dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğudur”.Qeyd edək ki, noyabrın 14-də Rusiya prezidenti Vladimir Putin “Qafqaz kollektiv təhlükəsizlik regionu”nda Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında saziş layihəsini bəyənib və onun imzalanması barədə tapşırıq verib. Bu razılaşma silahlı hücumlara, eləcə də tərəflərin təhlükəsizliyinə qarşı digər təhdidlərə adekvat cavab vermək məqsədi güdür.