""2017-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində dövlət büdcəsinin gəlirləri 15 955,0 mlrd manat məbləğində proqnozlaşdırılıb”. Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2017-ci il dövlət büdcə layihəsinin komitələrin birgə iclasında müzakirəsi zamanı deyib. Nazir bildirib ki, gələn ilin büdcəsi 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır:
"2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi nəzərdə tutulub. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16 600,0 milyon. manat məbləğində olmaqla 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1184,5 milyon manat və ya 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1895,0 milyon manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 milyon. manat və ya 2,4% az proqnozlaşdırılıb.Növbəti il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin 27,0% olması proqnozlaşdırılıb ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 5,0 faiz bəndi azdır”.
S.Şərifovun sözlərinə görə, neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 49,2% və ya 7 855,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1370,0 mln. manat və ya 14,9 % azdır:
"Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 50,8%və ya 8 100,0 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 503,0 milyon manat və ya 6,6%, 2015-ci ilin faktı ilə müqayisədə isə 821,9 milyon manat və ya 11,3% çoxdur. Vergilər Nazirliyi üzrə proqnoz məbləği 7 210,0 mln. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 200,0 milyon. manat və ya 2,9%, 2015-ci ilin faktı ilə müqayisədə isə 91,8 milyon manat və ya 1,3% çoxdur. Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 2 200,0 milyon. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390,0 milyon. manat və ya 21,5% çox, 2015-ci ilin faktı ilə müqayisədə isə 608,1 milyon manat və ya 38,2% çoxdur. 2017-ci ildə ARDNF-dan dövlət büdcəsinə transfertlər 6 100,0 milyon. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1515,0 milyon manat və ya 19,9% azdır. Dövlət büdcəsinə 445,0 milyon manat sair daxilolmalar nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 58,0 milyon manat və ya 15,0% çoxdur”.
Nazir qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
"Əvvəlki illə müqayisədə dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 6,5 faiz-bənd və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,3 faiz-bənd artmış, cari xərclərin xüsusi çəkisiisə 6,8 faiz-bənd azalıb. 2017-ci il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin xüsusi çəkisi 40,3% olmaqla (əvvəlki illə müqayisədə 5,7 faiz-bənd çox), 6 686,0 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2016-cı illə müqayisədə 292,4 mln. manat və ya 4,6% çoxdur. 2017-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4 932,9 mln. manat vəsait nəzərdə tutulub. Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinintərkibində xüsusi çəkisi 29,7% təşkil edəcək”. Nazir vurğulayıb ki, 2017-ci il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1 641,8 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisə 133,3 mln. manat və ya 7,5% azdır. "2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1,1 % təşkil edəcək.
Növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı hədləri 2016-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldılmışdır. Belə ki, daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1000,0 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 500,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2016-ci ilin göstəricilərindən müvafiq olaraq 2500,0 mln. manat və 4500,0 mln. manat azdır.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 645,0 mln. manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, xarici qrantlardan daxilolmalar və digər mənbələr (daxili və xarici borclanma, 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) hesabına həyata keçiriləcək”.
Nazir bildirib ki, növbəti ilin büdcəsinin əvvəlki illərin büdcələrindən fəqrləndirən digər bir cəhəti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır:
"Təqdim edilmiş məlumatlara əsasən növbəti ildə dotasiya məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasının səbəbi yerli gəlirləri hesabına təmin edilən rayon və şəhərlərin sayının 6- dan 33-ə çatdırılmasıdır. 2017-ci il icmal büdcəsinin gəlirləri 19 720,7 mln. manat və ya əvvəlki ilə nisbətən 5 559,9 mln. manat (39,3 %) çox, xərcləri 20 967,2 mln. manat və ya əvvəlki ilə nisbətən 3 599,4 mln. manat (14,7 %) az nəzərdə tutulub. 2017-ci ilin icmal büdcəsinin kəsiri 1 246,5 mln. manat və ya nəzərdə tutulan ÜDM-in 2,0%-i, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 9 617,1 mln. manat və ya nəzərdə tutulan ÜDM-in 15,7%-i həcmində olacaq”.