Əlbəttə, onu əvvəllər tanıyanlar üçün bu mənzərə çox ağrılıdır, ancaq şəxsən mənim üçün daha məşəqqətlidir. Gənc yaşlarımızda Həmid Herisçi, İlyas və mən çiynimizdə çanta Bakının küçələrində də çox veyillənmişik. Çayxanalarda oturub söhbətləşmişik, kafelərdə yeyib-içmişik, jurnal-qəzetlərdə çap olunmuşuq. Onda İlyas nəsr yazırdı, bizsə şer. Onun anası uşaqlığından rəhmətə getmişdi, atası isə onu evdən qovmuşdu. Nənəsi saxlamışdı. Yadımdadır, bir hekayəsində yazmışdı ki, bir dəfə nənəm mənim üstümdə qonşularla dalaşanda əlinə balta götürmüşdü, mənsə onun tumanından tutub ayağına qısılmışdım.
O, kimsəsiz, istedadlı, əyilməz və yaraşıqlı oğlan idi. Onun kimsəsi elə Həmidlə mən idim. Vədələşib görüşərdik. Gəlirdim ki, Həmidlə çayxanada oturublar. Salamlaşan kimi İlyas deyirdi ki, gedək kafedə yemək yeyək. Həmid dəli olurdu: “A kişi, indicə adama bir dənə plov yemədikmi, sən yenə acsan?” Mən də gülüb deyərdim ki, əşi, istəyirsə gedək.
Arıq cüssəsinə baxmayaraq o, heç vaxt yeməkdən doymurdu. Bəlkə də bu, onda bir yetimlik xəstəliyi idi. İçəndə isə çox şən olurdu. Familiyası Əfəndiyev idi. Mən biləni, “Ərnəfəs” təxəllüsünü ona Xəlil Rza Ulutürk vermişdi. Bu yolla da “İlyas Əfəndiyev” olmaqdan qurtulmuşdu.
Sonralar mən Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul oldum. Bir də eşitdim ki, bəs, yazıçı Elçin İlyasla Vəli Səyyadini öz təşkilati və şəxsi dostluq xətti ilə Riqa Universitetinə təhsil almağa göndərib. Həmidi tanıyanlar bilir, o, çiyni heybəli köhnə dərvişlərdəndi. Dəfələrlə mənim yanıma Moskvaya gəlmişdi. Tələbə yoldaşlarım Həmidi yaxşı tanıyırdı. Həmid dəfələrlə İlyasla Vəliyə dəyməyə Latviyaya da getmişdi. Neyləsin, hərəmiz bir şəhərdə yaşayırdıq, Bakı da indiki kimi çox darıxdırıcı idi. Həmid hərdən Moskvaya mərhum rusdilli şair Aydın Əfəndi ilə də gəlirdi. Bir dəfə lap gül vurmuşdu, İlyası götürüb Moskvaya mənim yanıma gəlmişdi.
İlyas bir-iki il oxuyandan sonra təhsilini yarımçıq qoyub Bakıya qaçmışdı. Nə qədər eləmişdilər bir də geri qayıtmamışdı. Həmid deyir ki, İlyas orda kök bir rus qadını ilə yaşayırdı, ikinci dəfə gedəndə gördüm ki, o qadının İlyasdan bir oğlu olub. İlyas qadının evində qalırmış. Deyir, bir gün getdim ki, İlyas su tökür, qadın isə uşağın arxasını yuyur. Deyir, məni görəndə İlyas o qədər güldü ki, məni də gülmək apardı.
Mən institutu qurtarandan sonra bir az Bakıda işlədim. Bir də 1993-cü ildə, Surətin üsyanı vaxtı təsadüfən Azərbaycandan çıxdım. Bir də 1996-cı ilin yazında Bakıya qayıtdım. Rusiyaya getməmişdən əvvəl həmişə nəşriyyatın mətbəəsinin kafesində yığılardıq. İlyas da ora tez-tez gəlirdi. 1996-cı ildə Bakıya qayıdanda bir ilə yaxın idi ki, arağı atmışdım. Fikirləşdim ki, gedəcəm kafeyə, tanışlardan birinci kimi görsəm onunla yüz qram araq içəcəm. İçəri girdim ki, İlyas ortadakı sütunun böyründəki stolda dirsəklənib. Üç il qabaq onu harada qoyub getmişdimsə, elə oradaca tapdım. Məni görəndə o qədər sevindi ki... Qucaqlaşıb görüşdük. Oturan kimi yüz qram vurmaq məsələsini dedim. “Harda itib-batmısan?” - dedi. Mən də ordan-burdan danışdım. Arağın 400 qramını İlyas içdi, dedik-güldük. And olsun Allaha, yalan danışmıram, birdən İlyasa dedim ki, ayə, nə yaxşı indiyə qədər dəli olmamısan. İlyas xeyli güldü. Sonra dedi ki, sən burda olmayanda mən sənin şerlərini bir neçə dili tərcümə eləmişəm. Yapon dilinə, fars dilinə, bir də fransız dilinə. Dedim, İlyas, yekə oğlansan, məni dolama. İlyas sifətini ciddiləşdirib “dolamaq nədi?” dedi: “Mən o şerlərə hələ musiqi də bəstələmişəm”. Sonra da İran müğənnisi Ququşun hansısa mahnısına uyğun, guya farsca, ancaq anlaşılmayan sözlərlə bir mahnı oxudu. Onun oxuduğu bu mahnı məni o qədər kədərləndirdi ki, bildim, artıq İlyas dəli olub.
İndi, isti vaxtlarda nəşriyyatın çölündə, soyuq vaxtlar isə şüşəbəndin içərisində var-gəl eləyir İlyas. Pul toplayıb kafeyə girir. Bir yemək götürür, bir də 250 qramlıq bir araq. Heç vaxt sərxoş olmur. Nitqində rabitə pozulub. Xırdaca bir cümlə deyirsə, arxasında çoxlu rabitəsiz sözlər deyir. Bu yaxınlarda gedib onunla kafedə üzbəüz oturdum. Bilmirəm söhbətimiz alınırdımı. Onun dediyi sözləri başa düşə bilmirdim. Mənim dediklərimi bilmirəm İlyas başa düşə bilirdimi. Ancaq orada mənə dedi ki, bilirəm (sonra rabitəsiz sözlər), sənin iki uşağın var (yenə rabitəsiz sözlər). Həmidin də (rabitəsiz sözlər) bir oğlu var (rabitəsiz sözlər). Məni ağlamaq tutdu, göz yaşlarımı ona bildirmədən yaylıqla yox, stolun üstündəki cod kağızla silmək istədim. İlyas cibindən bir dənə salfet çıxarıb kirimişcə qabağıma itələdi...
musavat.com