İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib.
Qaziler.az Azərtac-a istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 2016-cı və 2017-ci illər üzrə ixracatçıların fərdi qaydada iştirakına dəstək veriləcək xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkaların siyahısı müəyyən edilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, siyahıda əks olunmuş sərgilərdə və ya yarmarkalarda iştirakı planlaşdıran ixracatçılar müvafiq dəstəyin alınması məqsədilə sərgidən/yarmarkadan əvvəl İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) fərdi qaydada iştirakı barədə qərarın qəbulu üçün ərizə ilə müraciət edə bilərlər.
Ərizədə ərizəçi hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət növü; ərizəçi fiziki şəxs olduqda - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və sənədi verən təşkilat, ünvanı), fəaliyyət növü; vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); sahibkarın istehsal etdiyi məhsulun (məhsulların) adı, növü; xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkanın adı, keçirilmə tarixi, nümayiş olunacaq məhsulların adı, növü, kateqoriyası göstərilməlidir.
İxracatçıların beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakı barədə qərar daxil olmuş müraciətlər əsasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 16 nömrəli Qərarında göstərilən meyarlara uyğun olaraq qəbul edilir.
Müsbət qərar almış ixracatçılar beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakı başa çatdığı tarixindən 30 iş günü müddətində dəstək məbləğini əldə etmək məqsədilə İqtisadiyyat Nazirliyinə - AZPROMO-ya ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: görülmüş iş, göstərilmiş xidmət və ya icarə haqqını təsdiq edən sənədin (invoys, hesab-faktura), bağlanmış müqavilənin, vəsaitin ödənilməsini və ya xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti; beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video hesabat.
Dəstək məbləğinin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 7-ci hissəsinə uyğun aparılır.
Müraciət üçün ərizələr İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər prospekti 32, Bakı, AZ1000 ünvanına təqdim olunmalıdır.
Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ([email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət etmək olar.
Beynəlxalq sərgi və (və ya) yarmarkaların siyahısı: