Obama müttəfiqləri sakitləşdirməyə gedir

Obama müttəfiqləri sakitləşdirməyə gedir backend

ABŞ prezidenti Barak Obama prezident kimi son xarici səfərə çıxır. Bu gün, noyabrın 15-də Obama Yunanıstana, oradansa Almaniyaya, sonra da Peruya gedəcək. Yunanıstanda ABŞ əleyhinə aksiyalar planlandığından təhlükəsizlik tədbirləri gücləndirilib.

Prezident kimi xaricə son səfərindən öncə Barak Obama mətbuat konfransı keçirərək, müttəfiqləri Donald Trampla bağlı bir növ narahat olmamağa çağırıb. BBC yazır ki, Obama bu səfərdə D.Trampın prezident postuna seçilməsiylə bağlı gərginliyi aradan qaldırmağa çalışacaq. Obama özü də səfərdə bu məsələnin prioritet olacağını bildirib.

Prezident seçkisi kampaniyası zamanı Tramp NATO müttəfiqlərini tənqid atəşinə tutmuş, qurumun maliyyə öhdəliklərini yerinə yetirməyən üzvlərini müdafiə etməyəcəyini bildirmişdi.

Tramp seçiləndən sonra onunla Ağ Evdəki görüşən Barak Obama ilk dəfə olaraq jurnalistlərin suallarına cavab verib. O deyib ki, Tramp ABŞ-ın NATO qarşısında öhdəliklərini gerçəkləşdirməsində maraqlıdır, NATO ilə sağlam və möhkəm əməkdaşlığın davam etdirilməsini istəyir və bunun bütün dünyaya töhfə verəcəyini bilir. Obama xaricə səfərindən bu mesajı çatdırmaqdan ötrü istifadə edəcəyini vurğulayıb: «Mən onlara əməkdaşlığın davam etdiriləcəyini… NATO-dakı müttəfiqlərin tək Avropadan ötəri deyil, həm də ABŞ, eləcə də bütün dünya üçün önəmli olduğunu bildirməliyəm».



«ABC News»un yazdığına görə, Avropa Birliyi, görünür, Trampın çıxışlarından oyanaraq yeni müdafiə planıyla bağlı razılığa gəlib. Plan birlik ölkələrinin xaricə hərbi qüvvə göndərməsinə, yəni ilk dəfə olaraq Birləşmiş Ştatlarsız hərəkət etməsinə imkan verir.

«Fox News» isə Obama-nın prezident ofisi haqda dediklərini vurğulayır. Obama bu orqanın hər hansı şəxsdən artıq olduğunu, ABŞ-ın qlobal nüfuzunun bir seçki nəticələriylə sarsılmayacağını söyləyib. Mətbuat konfransında Obama həm də Trampın bundan sonra temperamentinə dəyişiklik etməli olacağını, yeni vəzifəsinin reallıqları ilə qarşılaşanda, seçki kampaniyasındakı kimi açıq danışa bilməyəcəyini deyib. (“Azadlıq” radiosunun xülasəsi)
Diaspora