Azərbaycan Mərkəzi Bankının Maliyyə Monitorinqi Xidməti terrorizmə dəstəyə görə sanksiya tətbiq olunan hüquqi və fiziki şəxslər siyahısından Bəhreyn vətəndaşı Abdul Rəhman Muhammed Cəfər Əlinin adını siyahıdan silib.
Maliyyə Monitorinqi Xidmətindən Trend-ə verilən məlumata görə, qurum Ümumi Siyahını BMT-nin Təhlükəsizlik Şurasının “Taliban” Sanksiya Komitəsinin 27 mart 2015-ci il və “Əl-Qaidə” Sanksiya Komitəsinin 31 mart 2015-ci il tarixlərində qəbul edilmiş qərarlarına uyğun olaraq yeniləyib.Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.