Manatı gücləndirəcək QƏRARLAR

Manatı gücləndirəcək QƏRARLAR backend

Mərkəzi Bank 2016-cı ilin 9 ayı üzrə "Pul siyasəti icmalı"nı yayımlayıb.

"Marja"nın məlumatına görə, icmalda deyilir ki, 2016-cı ilin 9 ayında pul siyasəti alətləri üzrə qərarlar inflyasiya risklərinin qiymətləndirilməsi əsasında və manata etimadın artırılması istiqamətində qəbul edilmişdir. Eyni zamanda, Mərkəzi Bank ortamüddətli dövrdə dayanıqlı qiymət sabitliyinə imkan verən siyasət rejimi və əməliyyat çərçivəsinin formalaşdırılması istiqamətində səylərini gücləndirmişdir.

Hesabat dövründə makroiqtisadi proqnozları nəzərə alaraq milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank özünün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə zəruri korreksiyalar etmişdir.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi mərhələlərlə 3%-dən 15%-ə, faiz dəhlizinin aşağı həddi 0.1%-dən 12%-ə, yuxarı həddi isə 5%-dən 18%-ə yüksəldilmişdir. Faiz dəhlizinə dair qərar qəbul edərkən makroiqtisadi vəziyyətlə yanaşı, dövlət qiymətli kağızlarının gəlirliyi üzrə dinamika da nəzərə alınmışdır.

Dövr ərzində, eyni zamanda, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddətinin 1 gündən 7 günədək uzadılmasına dair qərar verilmişdir. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyat larından (vəsaitlərin yerləşdirilməsi, vəsaitlərin cəlb olunması məqsədilə istifadə olunan pul siyasəti alətləri) öz təşəbbüsləri ilə məhdudiyyətsiz olaraq istifadə edə bilərlər.

2016-cı ilin iyun ayından etibarən Mərkəzi Bank likvidliyin sterilizasiyası məqsədilə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının keçirilməsinə başlanmışdır. Hesabat dövründə 13 hərrac keçirilmiş və nəticədə cəlb edilmiş depozitlərin həcmi 555 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 8.95% təşkil etmişdir. Sentyabr ayının sonuna depozit hərracları vasitəsilə cəlb edilən vəsaitin qalığı 109 mln. manat təşkil etmişdir. Depozit əməliyyatları həm də pul bazarının inkişafı və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinə yönəlmişdir.

Dövr ərzində pul kütləsinin həcminin və bank sistemində likvidlik səviyyəsinin tənzimlənməsi məqsədilə məcburi ehtiyat normalarından da istifadə olunmuşdur.

Dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 3 mart 2016-cı il tarixli qərarı ilə məcburi ehtiyat norması banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə 0.5%-dən 1%-ə yüksəldilmiş, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə isə 0.5%-dən 0%- ə endirilmişdir. Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanılmışdır.

Banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etmiş və iyun ayından etibarən məcburi ehtiyatları yeni normaya uyğun saxlamağa başlamışlar. Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bütün aylarda bankların Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini əhəmiyyətli üstələmişdir.

AMB-nin pul siyasəti alətlərində dəyişikliklər

Qərarlar

-Likvidlik əməliyyatları üzrə faizlərin yüksəldilməsi:

Dəhlizin yuxarı həddi 15%- dən 18%-ə, aşağı həddi 4%-dən 12%-ə, uçot dərəcəsi 9.5%-dən 15%-ə qaldırılmışdır;

- Çərçivə alətlərinin müddətinin 1 gündən 7 günə qaldırılması;

Məcburi ehtiyat normasının dəyişdirilməsi: Xarici valyutada öhdəliklər üzrə norma 0,5%- dən 1%-ə yüksəldilmiş, qeyri-rezident maliyyə sektoru və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0,5%-dən 0%-ə endirilmişdir;

- Depozit hərraclarının keçirilməsinə başlanması: İyundan başlayaraq 13 hərrac keçirilmişdir.

Nəticələr

- İnflyasiya təzyiqlərinin yumşaldılması:

-Mərkəzi Bankın likvidliyi sterlizasiya imkanlarının yüksəldilməsi;

-Mərkəzi Bankdan likvidlik dəstəyinə tələbin azaldılması;

-Milli valyutada depozitlər üzrə faiz dərəcələrinin artmasının təşviqi;

- Dollarlaşma səviyyəsinin azaldılması;

- Bank sektorunda maliyyə sabitliyinin qorunması.
Diaspora