Türkiyə yanvar-sentyabr ayları ərzində elektrik enerjisi idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% azaldıb. "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, azalmaya səbəb son zamanlar Türkiyə daxilində elektrik enerjisinin və bərpa olunan enerjinin istehsalının artmasıdır.
Rəsmi statistikaya əsasən, Türkiyə ötən ilin müvafiq dövründə Yunanıstan, Bolqarıstan, Gürcüstan, İraq və İrandan ümumi həcmi 4 mlrd. 654 mln. 21 bin kVt/saat elektrik enerjisi aldığı halda, cari ilin analoji dövründə qonşu ölkə Yunanıstan, Gürcüstan, Bolqarıstan və Azərbaycandan ümumi həcmi 3 mlrd. 244 mln. 448 min kVt/saat elektrik enerjisi alıb ki, bu da 30% azalmanın olduğunu göstərir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyə idxal etdiyi elektrik enerjisinə görə 290 mln. 417 min dollar ödədiyi halda, bu ilin müvafiq dövründə bu rəqəm 46% azalaraq 155 mln. 801 min dollara enib. Beləliklə, Türkiyə 134 mln. 616 min dollara qənaət edib.
Türkiyə bu il ən çox sentyabr ayında elektrik enerjisi idxal edib. Ötən ay qonşu ölkə Yunanıstan, Bolqarıstan, Gürcüstan və Azərbaycandan ümumi həcmi 477 mln. 289 min kVt/saat olan elektrik enerjisi idxal edib. Sentyabrda elektrik enerjisini idxalı Türkiyəyə 24 mln. 662 min dollara başa gəlib.
Türkiyəyə ən çox elektrik enerjisi satan Bolqarıstandır. İlin 9 ayı ərzində Bolqarıstan Türkiyəyə ümumi dəyəri 98 mln. 498 min dollar olan 2 mlrd. 131 mln. 177 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib. Bolqarıstanı Yunanıstan, Azərbaycan və Gürcüstan izləyir. Hesabat dövründə Yunanıstandan idxal olunan 542 mln. 961 min kVt/saat elektrik enerjisinə görə 169 mln 90 min dollar ödəndiyi halda, Türkiyə Azərbaycan və Gürcüstandan müvafiq olaraq 345 mln. 633 min və 224 mln. 677 min kVt/saat elektrik enerjisi alıb ki, buna görə 16 mln. 819 min və 9 mln. 427 min dollar ödəyib.