Ekspertlər bildirirlər ki, qurum dekabrda ölkədə baş verə biləcək dollar qıtlığına hazırlaşır; bazardan manat kütləsi yığılır ki, banklar onu dollar almağa yönəltməsinlər.
Mərkəzi Bank ötən ildən bəri ilk dəfə notlarının (qiymətli kağız) yerləşdirilməsi üzrə hərraclara başlayıb. Daha öncə vəsaitlər yalnız faizli depozit şəklində idi. Bəzi ekspertlərin fikrincə, bir qiymətli kağız kimi, not investorlardan ötrü istifadəsi rahat, banklar üçünsə cəlbedici və daha çevik maliyyə alətidir. Noyabrın 2-də Mərkəzi Bankın Bakı Fond Birjasında maliyyə bazarından 49 milyon 437 min manat cəlb edib.
Hərracda investorlara 50 milyon manatlıq not satılıb. Həmin qiymətli kağızlara görə orta gəlirlilik 14,71 faiz müəyyənləşdirilib. Mərkəzi Bank 28 gündən sonra aşağı qiymətlə (98 manat 86 qəpiyə) satdığı qiymətli kağızları investorlardan öz qiymətinə (100 manata) geri alacaq. Bu müddətdə investorlar onu təkrar bazarda sata və gündəlik REPO əməliyyatları apara bilərlə. “REPO” əməliyyatı deyərkən, qiymətli kağızları satan tərəfin onları öncədən müəyyənləşdirilən qiymətə geri alması öhdəliyi nəzərdə tutulur.
Faiz dərəcələri yaxın olsa da, notun depozitdən üstün özəlliyi var: depoziti Mərkəzi Bankda yerləşdirən bank və ya başqa bir investor ona bir ay toxuna bilməz. Müddət tamamlandıqda faizi ödənilməklə, pul ona qaytarılır. Son hərracda notlara tələbat təklifi 14 milyon manat üstələyib.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu, depozit hərracları taktikasının məntiqi davamıdır: “Mərkəzi Bank son vaxtlar banklara manatla xeyli kredit verib. Nəticədə ötəm ay pul bazasi 630 milyondan çox artıb. Artmış manat kütləsi manata təzyiqi artırır, yəni həmin pulla dollar alınır. Bu da Mərkəzi Bankın valyuta ehtiyatlarını azaldır. Buna görə də Mərkəzi Bank banklardan depozit qəbul etməklə, indi isə həm də notlar satmaqla bankların artıq manatını yığır ki, həmin pul valyuta bazarına axmasın. Məsələn, tutaq ki, hansısa bankın 30 milyon manatı qalıb, kredit verə bilmir. Çünki adekvat müştəri tapa bilmir. Nə etsin? Manat hər gün dəyərdən düşür. Buna görə də bank dollar almaq istəyir. Mərkəzi Bank isə banka deyir: dollar alma, gəl notumu al, sənə faiz gəliri ödəyim”.
Ekspertin fikrincə, ümumən Mərkəzi Bank düz edir: “Amma böyük ehtimalla, banklar bütün notları almayacaq. Necə ki, Mərkəzi Banka depozit də çox yerləşdirmirdilər. Çünki valyuta alverindən gəlir not üzrə faiz gəlirindən çoxdur. Bu, manatın cari devalvasiyası səbəbindəndir”.
Maliyyə bazarları təhlilçisi Cəfər İbrahimli Mərkəzi Bankın dövriyyədə olan pul kütləsini hər iki maliyyə alətindən yararlanmaqla azaltmağa çalışdığını bildirib. O, azadlıq.org-a qeyd edib ki, notların bazarda daha uzun müddətdə dövr etməsini doğru sayır. Banklar Maliyyə Nazirliyinin buraxdığı qısamüddətli qiymətli kağızların da fəal investoru qismində çıxış edirlər. Nəticədə, bir yandan Mərkəzi Bank, o biri yandan Maliyyə Nazirliyi müxtəlif vasitələrlə manatı dövriyyədən önəmli həcmdə çıxarır.
Onun sözlərinə görə, son 2 ildə dövriyyədəki manat yetərincə azalıb: “Manatın bu dərəcədə azaldılmasının tərəfdarı deyiləm. Düzdür, Mərkəzi Bankın bu aləti işə salmaqda əsas arqumenti artan qiymətlər, hədəfi isə inflyasiyanı azaltmaqdır. Şəxsən mən inflyasiyanın elə də yüksək səviyyədə olduğunu düşünmürəm. Bazarda qiymət artımı iqtisadi amillərdən deyil, devalvasiyadan, istehlak bazarının idxaldan asılılığından qaynaqlanır. İkincisi, manatın azlığı iqtisadiyyatın boğulmasına gətirib çıxarır. Bu isə yaxşı heç və vəd etmir”.
Ekspertlər həm də bu fikirdədirlər ki, Mərkəzi Bankın dövriyyədəki manatı azaltmaqla dollar alışını məhdudlaşdırmağı da hədəfləyir, çünki xarici valyuta alınmasına sərf olunan vəsait manatı əlavə təzyiq altında saxlayır. Mərkəzi Bank 600 milyon manatlıq not buraxıb. Növbəti hərracın vaxtı hələ açıqlanmayıb. Ekspertlərin fikrincə, Mərkəzi Bank dekabrda ölkədə baş verə biləcək dollar qıtlığına hazırlaşır. Bu məqsədlə bank əlində olan bütün üsulları, o cümlədən, maliyyə alətlərini işə satıb. Dollar qıtlığının mümkün yaranması səbəbi isə ölkənin əsas dollar mənbəyi sayılan Dövlət Neft Fondundan büdcəyə transferlərinin tezliklə başa çatacağıdır.
Çünki bu ilin sonunadək qalan dövrdə Dövlət Neft Fondunun dövlət büdcəsində qarşısında qalan öhdəliyi təxminən 600 milyon manat təşkil edir. Mərkəzi Bankın təcili surətdə bazara daxil olması və çoxdan bəri istifadə etmədiyi maliyyə alətini- notları işə çalması baş bankda təcili tədbirlərini görüldyünə işarə edir. Bu üsulla bazardan manat kütləsi yığılır ki, banklar onu dollar almağa yönəltməsinlər.
Elan edilən not emissiyasının dollar ifadəsində həcmi valyuta hərraclarında satılan dollar kütləsinin bir aylıq həcminə, təqribən 400 milyon dollara bərabərdir.