Yeni gömrük rüsumları qiymətləri artıracaqmı? - EKSPERTLƏR DANIŞIR

Yeni gömrük rüsumları qiymətləri artıracaqmı? - EKSPERTLƏR DANIŞIR backend

Nazirlər Kabineti Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz, fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirib.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapan yeni rüsumların məbləği neçə gündür ən çox müzakirə olunan mövzudur. Bundan sonra qiymətlərin yüksələcəyi ilə bağlı fikrilər səsləndirilir. Nazirlikdən verilən açıqlamda dəyişikliyin əsas məqsədinin yerli istehsalı artırmaqdan ibarət olduğu deyilir.

Yeni gömrük idxal rüsumları qüvvəyə minəcək və iki il müddətində qüvvədədir. Dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1 kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Yeni dəyişiklik yeni sualları və maraqları da ortaya qoyur. Yerli istehsalın inkişaf etdirilməsi yönündə atılan bu addımı bəzi ekspertlər doğru addım kimi qiymətləndirir. Adalet.az-ın sorğusuna cavab verən Quşçulu Cəmiyyətinin sədri Aydın Vəliyev bu təşəbbüsü hökumətin uğurlu addımı hesab edir. Onun sözlərinə görə, toyuq əti məhsulları yumurta və meyvə-tərəvəz məhsullarına gömrük rüsumunun tətbiqi yerli sahibkarlara heç bir mənfi təsiri olmayacaq: "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə edilən dəyişiklik əksinə, sözügedən məhsulların istehsal sahələri ilə məşğul olan yerli sahibkarların ticarətini stimullaşdıracaq. Düşünmürəm ki, 1 kq toyuq ətinə və ya 10 ədəd toyuq yumurtasına görə alınan 1 dollar gömrük rüsumu istehsal qiymətinə təsir edəcək. Mən şəxsən bu qərarı gələcək kənd təsərrüfatı məhsullarının perspektivi üçün məhsuldar sayıram”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun açıqlamasında isə müəyyən qədər strateji yanaşma olduğunu müəyyən etmək olar. Onun sözlərinə görə isə qiymət artımı baş verəcək: "Yeni dəyişikliyin və rüsum qiymətlərinin sözügedən məhsulların istehlak qiymətlərinin artırılmasına gətirib çıxaracağı istisna deyil. Qiymət artımı olacaqsa, bu, 2-3 il ərzində baş verəcək, lakin daha sonra istehlak qiymətləri normallaşacaq və yerli istehsalın inkişafı bərqərar olacaq. Ona görə də bu addım strateji xarakter daşıyır və doğru addım hesab oluna bilər”.

İqtisadçı ekspert Fikrət Yusifov deyir ki, gömrük rüsumlarının artırılıb, azaldılması yolu ilə daxili istehsalı stimullaşdırmaq müasir dövrümüzdə bir çox dövlətlər tətbiq olunur: "Rusiya, İran və Türkiyə avtomobil sənayesini inkişaf etdirmək məqsədilə xaricdən alınıb gətirilən avtomobillərə yüksək rüsumlar müəyyən ediblər. Bu rüsumlar İran və Türkiyədə daha yüksəkdir. Bu siyasətin nəticələri kifayət qədər müsbətdir. Eyni qaydada belə addım başqa məhsullara münasibətdə də atılır. Burada ərzaq məhsulları da istisna deyil. Belə addım real olaraq başlanğıcda rüsumları artırılmış ərzaq məhsullarının qiymətlərin də qalxması ilə nəticələnə bilər. Ancaq bir həqiqəti bilmək lazımdır. Bu addım o məhsullara münasibətdə atılır ki, biz onları son nəticədə, burada, yerli xammal əsasında istehsal edib vətəndaşlarımıza daha ucuz sata bilərik. Burada məqsəd idxalla məşğul olub, asan yolla qazanc əldə edən iş adamının fəaliyyət sferasını dəyişərək onu yerli istehsala istiqamətləndirməkdən ibarətdir. İndi idxalla məşğul olan iş adamları qazanc əldə etmək baxımından idxalın və ya yerli istehsalın daha sərfəli olması seçimini edəcəklər. Şübhə yoxdur ki, bu seçim yerli istehsalın xeyrinə olacaq”.

İqtisadçı-ekspert Pərviz Heydərov idxal rüsumlarının dərəcələrinə dəyişikliklər etmək haqda qızğın müzakirələrə səbəb olmuş qərarın istehlak mallarına aid olduğundan, məsələyə geniş aspektdən yanaşmağı lazım bilir: "Əvvəla, siyahıdakı məhsulların hamısı daxildə də istehsal olunur və etiraf edək əksəriyyətimiz artıq uzun illərdir məhz yerli məhsullara üstünlük veririk. Bundan başqa, qərar müvəqqəti xarakter daşıyacaq, yəni cəmi 2 il qüvvədə olacaq. Yəni, heç bir növ idxal məhdudlaşdırılmır və məhdudlaşmayacaq da”.

Ekspert deyir ki, 2017-ci il üçün Dövlət Gömrük Komitəsi (DGK) xəttilə dövlət büdcəsinə daxilolmalar, gömrük rüsumları və vergilər 2,2 milyard manat həcmində proqnozlaşdırılıb. Bu da, cari il gözləntisindən 21,5 faiz çoxdur: "Lakin Nazirlər Kabinetinin bilavasitə toyuq əti və yumurta, o cümlədən bir sıra meyvə-tərəvəz məhsulları, spirtli içkilər və şirələr üzrə qərarının məhz bu artıma xidmət edəcəyini düşünmək absurddur”.


Qeyd edək ki, hazırda bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilir.


Rüfət Soltan


Adalet.az




Diaspora