Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Xalq artisti APA-ya açıqlamasında bildirib ki, teatrdakı işindən uzaqlaşıb: “Bəli, yayılan xəbərləri təsdiqləyirəm, teatrdakı işimdən getmişəm. Rəsmi müraciət etməmişəm, ərizə yoxdur. Sabah son tamaşamdır, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynayacağam. Məsələnin təfərrüatı haqqında açıqlama vermək istəmirəm”.
Qeyd edək ki, Akademik Milli Dram Teatrı xalq artisti Fuad Poladovun teatrdan istefa verməsi haqqında yayılan məlumatlara başqa cür aydınlıq gətirmişdi.
Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, F. Poladov hazırda teatrda fəaliyyətini davam etdirir: “Oktyabrın 26-da xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrındakı işindən istefa verməsi haqqında məlumatlar ölkə mediasında müxtəlif müzakirələrə səbəb olub. Yayılan xəbərlərə cavab olaraq bildiririk ki, medianın yazdığı kimi Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib, belə bir ərizə xalq artisti tərəfindən yazılmayıb. Fuad Poladov teatrda fəaliyyətini davam etdirir. Xalq artisti İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi əsasında xalq artisti Azər Paşa Nemətin quruluşunda “Boy çiçəyi”, Ərşad Ələkbərovun quruluşunda “Müsyo İbrahim və Quran çiçəyi”, Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında Azər Paşa Nemətin quruluşunda “Şah Qacar” tamaşasında çıxış edir. Oktyabrın 28-də Fuad Poladov “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında çıxış edəcək. Bu məsələ ilə bağlı hər hansı yenilik olarsa, mediaya məlumat veriləcək. Bir daha xatırladırıq ki, hazırkı şəraitdə xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı davam edir”.