Azərbaycan Alternativ Enerji mənbələrinin istifadəsi üçün çox əlverişli imkanlara malikdir. Son vaxtlar dünya bazarında neftlə bağlı qiymət azadlığı çərçivəsində böyük neft ölkələri təzyiqli addımlar atmaqda davam edir. Təbii ki, neft ixracçısı olaraq Azərbaycan üçün də təsirli məqamlar mövcuddur. Neftin getdikcə ucuzlaşması qeyri-neft sektorunun inkişaf etməsinə dəlalət edir. Əslində bu işin müsbət tərəfini düşünsək, görərik ki, neftin ucuzlaşması qeyri-neft sektoruna marağı artırır, bu isə dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi ənənələrinə xas olan bir haldır. Ölkə başçısının da dediyi kimi, neft sektorundan asılılıq 30 faizə enib. Adətən bu sahədə kənd təsərrüfatı önə çəkilsə də, mətbu orqanlar alternativ enerji mənbələrinin fəaliyyəti istiqamətində elə də çox araşdırmalar aparmayıblar. Ölkə başçısının 1 fevral 2013-cü ildə imzaladığı sərəncama əsasən Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması da bu yöndə prioritet addımlardan biridir.
Azərbaycanda qiymətli günəş enerji daşıyıcıları, külək enerji qurumları, o cümlədən bioenerji potensialı daxil olmaqla bir çox enerji resursları istehsalata cəlb olunur. İsveçdə tullantılardan enerji alınması bazasından istifadə üsulu Azərbaycan üçün də məqbul sayılır. İsveçdə zibildən əldə edilən enerji ilə 1 milyona yaxın evin isidilməsi təmin edilir. Eyni zamanda, 300 min evin elektrik enerjisinə olan ehtiyacı ödənilir. İsveç məişət tullantılarının müasir üsullarla işlənməsi yolu ilə əldə etdiyi bio-qazı həm istilik, həm də elektrik enerjisi istehsal etmək üçün istifadə edir. Əhalisi 10 milyona yaxın olan ölkədə evlərdən çıxan zibillərin 99%-i bio-qaz və elektrik enerjisi istehsalı üçün istifadə edilir. Qalan 1%-lik qismi isə kənd təsərrüfatı gübrəsi məqsədi ilə qiymətləndirilir. İsveç bio-qaz istehsalına görə dünyada ilk dörd ölkə arasındadır.Zibili qonşu ölkələrdən alır
İsveç öz zibil ehtiyatlarının bitməsi vəziyyətində qonşu ölkələrdən, hətta İngiltərə, İtaliya, İrlandiya və Balkan ölkələrindən zibil alır. İsveç 2013-cü ildə 25,5 giqawatt alternativ enerji istehsal həcminə çatıb və bu həcm 2014-cü il üçün 26,6 giqawatt olaraq təxmin edilir. Ölkədə 2013-cü ildə alternativ və bərpa olunan enerji istehsalına 1 milyard dollar sərmayə yatırılmışdır. Bakıda yerləşən məişət tullantıları bazası potensial enerji mənbəyi sayılır. 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 506 min ton tullantının zərərsizləşdirilməsi nəticəsində təqribən 182 mln. kilovat/saat elektrik enerjisi istehsal edilib. İstehsal olunmuş enerjinin 28,5 mln. kilovat/saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 mln. kilovat/saat enerji isə elekrik şəbəkəsinə ötürülüb. Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir. Ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib.
Azərbaycanda mövcud vəziyyət
Əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olan Azərbaycan ekoloji cəhətdən təmiz alternativ enerji mənbələri ilə də zəngindir. Mütəxəssislərin fikrincə, həmin mənbələri hərəkətə gətirməklə və ölkənin təbii potensialından istifadə etməklə istilik elektrik stansiyalarında yandırılan külli miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların da miqdarını xeyli azaltmaq mümkündür. Azərbaycan Prezidentinin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbulu da bu istiqamətdə atılan mühüm addım idi. Dövlət proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması, ətraf mühitin qorunması üçün konkret məsələlər qoyulmuşdu.
Azərbaycan alternativ enerji mənbələri üçün nə qədər əlverişlidir?
Azərbaycanın coğrafi şəraitinə uyğun olaraq, göstərilən alternativ enerji mənbələrindən istifadə etmək çox əlverişlidir. Əsasən respublikanın dağ və dağətəyi rayonlarında qəsəbə və kəndləri kiçik təsərrüfat obyektlərini, istehsal sahələrini elektrik enerjisi ilə təmin etmək üçün az güclü mikro SES-lərin inşa edilməsi əhəmiyyətlidir və əsas proritetlərdən biridir. Bu tip elektrik stansiyaları vaxtı ilə Sovet İttifaqının güclü enerji sisteminin yaradılması üçün əlverişli rol oynayıb.
Son zamanlar alternativ enerji mənbəyi kimi külək enerjisi bütün dünyanın diqqət mərkəzindədir. Bəzi hesablamalara görə, yaxın zamanlarda dünyada istifadə olunan elektrik enerjisinin 20%-i külək enerjisi mənbələrinin payına düşəcək. Külək enerji mənbələrinin yaradılması üçün Azərbaycanda mövcud olan iqlim şəraiti çox əlverişlidir. Əsasən Abşeron yarımadasında, Xəzər sahili rayonlarda, dağ və dağətəyi rayonlarda və s. bu tip enerji mənbələrinin inşası önəmlidir. Azərbaycanın Abşeron - Qobustan ərazisi xüsusilə yüksək külək energetikası potensialına malikdir, bu ərazidə il ərzisində 270 gündən artıq güclü küləklər əsir. Küləyin orta illik sürəti saniyədə 7,2 metrdir.
Bərpa olunan enerji mənbələri arasında ehtiyatların miqyasına və ekoloji təmizliyinə görə günəş enerjisi daha perspektivlidir. Son zamanlar günəş enerjisindən istifadə üçün bütün dünyada ciddi tədqiqatlar aparılır. Günəş enerjisi ilə işləyən maşın mexanizmlər, avtomobillər, kiçik güclü traktorlar yaradılıb təcrübədən keçirilir. Bu tədqiqatlar ümumiyyətlə gələcəkdə günəş enerjisindən səmərəli istifadə etmək, güclü günəş batareyaları yaratmaq və onlardan daha çox istehsal-təcrübə sahələrində, təsərrüfatlarda, yaşayış sahələrində istifadə etmək üçün zəmin yaradır. Azərbaycan da öz coğrafi mövqeyinə görə Günəş enerjisi ehtiyatları ilə zəngindir, Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikası daha böyük imkanlara malikdir. Azərbaycanda da günəş enerjisindən səmərəli istifadə istiqamətində işlər sürətlə gedir, yuxarda deyildiyi kimi, günəş kollektorlarının istifadəsi üçün zavod da tikilmişdir.
Bizdə olmayan enerji mənbələri bizdə ola bilərmi?
Yuxarıda göstərilən alternativ və bərpa olunan enerji mənbələrindən yalnız atom və hidrogen enerjisi, müəyyən obyektiv səbəblərdən bu gün Azərbaycanda istifadə olunmur. Atom enerjisi müasir dünyanın əsas enerji mənbəyidir, Avropanın və dünyanın bir çox qabaqcıl ölkələri (Fransa, Rusiya, Türkiyə və s.) atom elektrik stansiyalarının (AES) xidmətindən istifadə edir. Doğrudur, AES çox bahalı proyektdir, amma perspektivdə Azərbaycanda istifadə edilə və ölkənin gələcək enerji təhlükəsizliyinə xidmət edə bilər.
Hidrogen enerjisi, faktiki olaraq, tükənməzdir və gələcəyin enerjisi sayılır. Hidrogen yananda və enerji yarananda isə təmiz su əmələ gəlir, yəni ətraf mühit qətiyyən çirklənmir. Təmiz suyu yenidən parçalamaqla hidrogen almaq olar. Yer qabığının üçdən ikisinin su ilə əhatə olunduğunu nəzərə alsaq, bu enerjinin doğrudan da tükənməz olduğunu görürük. Amma sudan hidrogenin alınması sadə görünsə də, çox çətin və bahalı bir prosesdir və hazırda dünyanın qabaqcıl ölkələrinin elmi mərkəzləri bu məsələni asanlaşdırmaq və ucuzlaşdırmaq, istehsallaşdırmaq istiqamətində tədqiqatlar aparır. Şübhəsiz ki, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları da bu sahədə həmin mərkəzlərlə əməkdaşlıq edir və hidrogen enerjisi perspektivdə Azərbaycanın gələcək enerji təhlükəsizliyinə öz töhfələrini verə bilər.
Lakin elə enerji resursları da var ki, onların ölkəmiz üçün perspektivi təbii amillərdən asılı olaraq az əhəmiyyətlidir. Məsələn, geotermal enerji mənbələrindən dünyanın çox az ölkəsində istifadə olunur. Skandinaviya, Kanada kimi ölkələri misal gətirmək olar ki, bu dövlətlərin ərazilərində yeraltı isti bulaqlarla tanınan rayonlar var. Finlandiyada hətta bəzi qəsəbələrdə geotermal enerji mənbələrindən gələn qaynar su vasitəsi ilə yaşayış binaları istiliklə təmin olunur. Qonşu Rusiyada da bu metoddan istifadə olunur.
Göründüyü kimi, alternativ enerji mənbələri həm də çox rəngarəngliyi ilə xarakterizə olunur. Çoxçeşidli və perspektiv sayılan enerji resursları gələcəkdə hələ çox kəşf olunacaq. İnsan övladı irəliləyən texnologiya hesabına təbiətin bütün alternativlərindən yararlana biləcək. Bircə maraqlı bir faktı nəzərinizi çatdırım ki, gələcək 20-30 ildən sonra alternativ enerji mənbələrinin qənimi sayılan Fransada sərnişinlərin bədən hərarəti hesabına enerji yığan təyyarə istifadəyə buraxılacaq. Gözləyin, bu hələ harasıdır!
Rüfət Soltan
Adalet.az