Rusiyada azərbaycanlı avtobus sürücüsü bir saata necə məşhur oldu

Rusiyada azərbaycanlı avtobus sürücüsü bir saata necə məşhur oldu backend

Rusiyanın İrkutsk vilayətinin Ust-Kut şəhərində yaşayan azərbaycanlı avtobus sürücüsü Əsgər Bayramov bir gündə məşhurlaşaraq şəhərin ən vicdanlı sakininə çevrilib. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı sürücü növbəti reysdən sonra salona göz gəzdirdikdə oturacaqlarında birində yaddan çıxıb qalmış çanta görüb.

İçərisinə baxanda sənədlər, bilet və pul olduğunu görən Bayramov heç pulu saymadan dərhal polis şöbəsinə təhvil verib. Sonradan məlum olub ki, 500 min rubl (təxminən 12500 manat) pul və sənədlər olan çantanı avtobusda unudan Krasnoyarskadan gələn sirk artistləri Yaroslav, Nikita və Alekseydir.

Bir neçə gün məktəb və klublarda müxtəlif nömrələr nümayiş etdirən aktyorlar yığdıqları pulla birlikdə avtobusa əyləşərək bilet aldıqları növbəti şəhərə Ust-İlimskə getmək üçün vağzala yollanıblar. Lakin vağzala çatanda məlum olub ki, pul və sənədlər olan çantanı haradasa yaddan çıxarıblar. Yaxınlıqdakı polis şöbəsinə müraciət edəndə şöbədən onlara xoş xəbər verilib: “Çantanı avtobusunda unutduğunuz sürücü onu bizə təhvil verib”.



Sürücünün özünü görməsələr də, nömrəsini alıb qatara gecikməmək üçün təcili vağzala yollanan aktyorlar ona zəng edərək təşəkkürlərini bildiriblər.

Beləliklə, Əsgər Bayramov cəmi bir saatın içərisində şəhərin ən sevimli və xeyirxah sakininə belə çevrilib.

Bu hadisə ilə bağlı danışan sürücü heç vaxt öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmadığını, o pulu nəinki götürməyi, heç saymağı belə ağlının ucundan keçirmədiyini deyib.
Diaspora