Bakıya yağan intensiv yağış nəqliyyatın hərəkətini iflic edib.
Lent.az-ın məlumatına görə, Balaxanıdan Sabunçu körpüsünə qədər 6-7 km ərazidə tıxac yaranıb. Şəhərin əsas prospektləri olan Tbilisi, Heydər Əliyev, Ziya Bünyadov prospektlərində də güclü tıxac var.Virtualaz.org xəbər verir ki, bu hal təkcə avtomobil sürücüləri üçün deyil, piyadalar üçün də problemlər yaradır. Şəhərin mərkəzi küçələri başdan başa gölməçələrdən ibarətdir. Göydən yağan su, faktiki olaraq, axıb getməyə yer tapmır. Və bu, hər dəfə yağış normadan bir az artıq yağdıqda təkrarlanır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin verdiyi məlumata görə, hazırda Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospketi (kənar və əsas yolda, mərkəzə doğru), Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti (mərkəzə doğru), Niyazi küçəsi (hər iki istiqamətdə), habelə Əbdürrəhim bəy Haqverdiyev (Dövlət Statistika Komitəsi istiqamətində), Səməd Vurğun küçəsi ("Təzə bazar"a doğru), Abbasqulu ağa Bakıxanov küçəsi (hər iki istiqamətdə, nisbi sıxlıq) və Tbilisi prospektində ("Nizami" metro stansiyasına doğru) tıxac yaranıb.