Belə getsə dünya neft ağlayacaq

Belə getsə dünya neft ağlayacaq backend

Oktyabrın 10-da Türkiyənin İstanbul şəhərində 3 mindən çox təşkilatın qatıldığı, habelə Azərbaycan, Türkiyə, Rusiya və Venesuela prezidentlərinin də iştirakı ilə Dünya Enerji Konqresi baş tutdu. 3 ildən bir həyata keçirilən bu tədbirin növbəti illər üçün əsas hədəfləri son aylar dünyada neftin qiymət krizisi və həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına dair bir sıra məsələlər müzakirə olunub.

Konqresdə əsas məqsəd iştirakçı qurumlara yeni təkliflər verməkdir. Dünya üzrə 100-dən çox ölkənin tərkibində yer aldığı Dünya Enerji Şurasının həmsədri Yanqhun Deyvid KİM də çıxışı zamanı Konreqs iştirakçılarına və qurumlara neftin qiymət tərəddüdü və bərpa olunan enerji təhlükəsizliyi ilə bağlı çağırış və təkliflər edib. Həmçinin Venesuela prezidenti Nikoas Maduro və onun Rusiyalı həmkarı Vladimir Putini də narahat edən məsələlər Şuranın və ümumdünya neft-qaz sektoru qurumlarının əsas mövzuları ilə üst-üstə düşürdü. Ölkə rəhbərləri həm də iri neft hasilatçısı olaraq dünyanın neft ixracı edən ölkələrinə bir növ çağırışda tapınıb, neftin ixracına bəzi məhdudiyyətlərin tətbiq olunmasına və ixracda azalma tendensiyasının yaradılmasına çağırıb. Bu halda neftin qiymətinin ucuzlaşmasının qarşısını almaq olar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Türkiyənin dünyanın əsas neft bazasını hesab olunan yaxın Şərq regionunda mükəmməl vasitəçi ölkə olduğunu xatırladaraq Azərbaycanın da iştirak etdiyi TANAP VƏ TAP layihələri barədə məlumat verib. Prezident İlham Əliyev isə Azərbaycanda neft-qaz sektorunun ölkə iqtisadiyyatının 30 faizini təşkil etdiyini vurğulayaraq bu rəqəmin Azərbaycanda qeyri-neft sektorunun və alternativ enerji strukturunun inkişafı ilə əlaqələndirib.

Qeyd edək ki, Konqresdə Rusiyanın da təbii qazının Türkiyə vasitəsilə Avropaya daşınacağı ilə bağlı layihələr təklifi irəli sürülüb.

Konqresdə əsasən iki başlıca məsələ işıqlandırılıb: Neftin qiyməti və enerji təminatı üçün alternativ yollar. Birinci məsələ Qlobal xarakter daşıdığı üçün bunun məsuliyyətini Azərbaycanın üzərinə qoymaq olmaz. Lakin bərpa olunan enerji mənbələrinə gəlincə qeyd edək ki, Azərbaycanda hələ 2013-cü ildən bu sahəyə diqqət ayrılıb. Artıq 3 ildir ki, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Bu qurumun müxtəlif rayonlarda, paytaxt və Abşeron ərazisində icra etdiyi layihələr çərçivəsində bütün alternativ enerji mənbələrində istifadə etməsi dünya çağırışlarına fərdi cavab deməkdir. Deməli, Beynəlxalq Konqresin müzakirə mövzusu 13 ildir təmin olunur.


Azərbaycanda alternativ enerji


Tədqiqatlar da bunu sübut edir ki, Azərbaycan böyük ənənəvi enerji resurslarına - neft və qaz ehtiyatlarına malikdir və yaxın yüz ildə ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Amma ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, bahalaşması, onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda ziyan vurulması son zamanlarda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ (bərpa olunan) enerji növlərindən istifadə zərurətini yaradır.

Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə 1 iyun 2012-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti (ABEMDŞ) yaradılıb.

Hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində bərpa olunan enerji mənbələrdən geniş istifadə edilir. Statistik məlumatlara görə, inkişaf etmiş ölkələrdə ümumi istehsal olunan enerjinin təqribən 15 faizi su elektrik stansiyaları da daxil olmaqla, alternativ enerji mənbələrinin payına düşür.

Alternativ enerji mənbələri dedikdə, əsasən atom elektrik stansiyaları; su elektrik stansiyaları; külək enerji mənbələri; günəş batareyaları (fotelementlər), termal sular; hidrogen enerjisi; bioresursların yandırılması nəticəsində yaranan enerji və s. nəzərdə tutulur.

Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyin əsasnaməsi ölkə başçısının 01 fevral 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Agentlik müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, həmçinin alternativ və bərpa olunan enerji sahəsinin inkişafını və infrastrukturun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini, ABOEM üzrə enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır.


Neft ölkələrinin erası bitib


Konrqesdə müzakirə məsələlərindən biri olan dünya bazarında neftin qiymətinin ucuzlaşması sən demə, bir başqa problemdir. Yerli və xarici ekspertlərin dediklərində belə bir qənaət ortaya çıxır ki, dünyada neft ehtiyatı bitmək üzrədir. Bu dönəm dünya iqtisadçılarını, o cümlədə bazar keşikçilərini də narahat etməyə başlayıb. Azərbaycanda 2020-ci ilə qədər qeyri-neft sektorunun inkişaf layihələrinin həyata keçirilməsi dünyanın cızdığı trayektoriyaya uyğun gedir. Bu yaxşı haldır. Ekonomiklərin dərdi artırsa, ekoloqların dərdi azalır. İqtisadçı ekspert Natiq Cəfərli qlobal aləmdə məsələni bu cür analiz edir:

"Ümumiyyətlə, neft erası bitib, neftdən siyasi alət kimi istifadə dövrü arxada qalıb. Rusiyaya dəfələrlə OPEC-ə üzvlük təklif olunub, amma getməyib, məncə, getməyəcək də. Çünki Rusiya kollektiv oyunçusu deyil. Ən maraqlı məqam İranın bazara qayıtmasından sonra olacaq, 2011-ci ildə, İrana qarşı embarqo sərtləşdiriləndə OPEC-dəki kvotasının böyük hissəsi Səudiyyəyə keçdi. İndi kvotalarını geri almaq üçün İran OPEC-də mühüm addımlar atacaq. Səudiyyə də bilir ki, hasilatı azaltsa, onun bazardakı payına İran və İraq girəcək. Ona görə də hasilatı azaltmaq istəmir”.

Belə məqamda Rusiyanın müttəfiqi sayılan İranın qazancları əlindən çıxmamış "pullarını” geri qaytarmaq niyyətindədir. Avqustun 24-də İranın neft naziri Bijan Zanganeh OPEC-in təcili iclas çağırmasını təklif edib. Bildirib ki, fövqəladə iclasının çağırılması dünya bazarında neftin qiymətini sabitləşdirməyə yardımçı ola bilər. OPEC belə bir görüşün gündəlikdə olmadığını bildirib. Növbəti iclas isə dekabrın 4-dən tez nəzərdə tutulmur. İranın da yenidən neft bazarına qoşulması, digər istehsalçı ölkələrin hasilatı artırmaq niyyətləri neftin ucuzlaşmaqda davam edəcəyini göstərir.

Dünya iqtisadi ortamında baş verən bu hadisələr əslində çox sadə və maraqlı anomaliyalarla müşahidə olunur.

Qarışqanı neft edənlər

ABŞ-ın yaramazlığı dünya neft ölkələrini hal-hazırda sıxıntılarla üz-üzə qoyub. Dünya lideri neft hasilatını artırmağa qərar verdiyi vaxtda Şərqdə ən böyük istehlakı sayılan Çin hökuməti bu sahədə maraqlarını azaltması, o cümlədən Səudiyyə Ərəbistanının dünya nəhənglərinin çağırışına məhəl qoymayaraq qiyməti aşağı salmaması tərsliyi gələcəkdə 20 dollarlıq neftin olacağı xaosu yaşada bilər. Su qiymətinə neft alacaqları təqdirdə, beynəlxalq və milli valyutalara böyük zərbələr dəyəcək. Dünya Konqresində bu iki vacib məsələnin qaldırılması da əbəs yerə deyildi. Amerikalı ekspertlər və Avropalı iqtisadçılar da bəyan edir ki, qeyri-neft sektoruna beynəlxalq aləmdə maraq artıb. Gözlənilir ki, bazarda ucuzlaşma neft sektorunu çökdürə bilər. Lakin Avropanı şərq cinahı ilə birləşdirən layihələrin davamı, o cümlədən İranın simiclik siyasəti və digər məsələlər həllini tapsa, neftin dəyəri öz stabilliyini qoruyub saxlayacaq – Ekspertlər belə deyir.

Rüfət Soltan


Adalet.az

Diaspora