"Azərbaycan Dəmir Yolları" QSC İranda nümayəndəlik aça bilər. Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, bu, Naxçıvan-Məşhəd sərnişin qatarının istismara verilməsindən sonra baş verə bilər.
С.Qurbanov deyib: "Bildiyiniz kimi, bizim İranla birbaşa dəmir yolu əlaqəmiz yoxdur. Doğrudur, Culfadan dəmir yolu xətti var, lakin Ermənistanın işğalçı siyasəti üzündən biz həmin dəmir yolundan istifadə edə bilmirik. Amma biz artıq Naxçıvan-Məşhəd sərnişin qatarını istismara vermək niyyətindəyik. Düşünürəm ki, bundan sonra İranda nümayəndəlik aça bilərik".Cavid Qurbanov Azərbaycanın dəmir yolu sahəsində Qazaxıstanla əməkdaşlığını genişləndirəcəyindən və orada da nümayəndəliyin açılacağı perspektivindən danışıb. O qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Qazaxıstanda nümayəndəliyinin açılması dəmir yolu sahəsində iki ölkə arasında əlaqələrin gələcək inkişafına istiqamətlənib.
Onun sözlərinə görə, ötən il Qazaxıstan üzərindən Çindən 1,2 milyon konteyner daşınıb: "Buna görə də bu sahədə Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir".
C.Qurbanov onu da bildirib ki, bu günlərdə Qazaxıstanda "Azersun" şirkətinin tikdiyi Azərbaycan logistik mərkəzinin açılışı olacaq.