İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb. Onlardan ov silahları qanunsuz yolla ovlanmış çöl quşları və xeyli miqdarda sursat aşkar edilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Daxili işlər Nazirliyi Baş ictimai təhlükəsizlik idarəsi və İmişli rayon polis şöbəsinin əməkdaşları qanunsuz ovun qarşısının alınması məqsədi ilə İmişli rayonun çöl ərazilərində reydlər həyata keçirib.
Reydlər zamanı müxtəlif yerlərdə qanunsuz ovla məşğul olan şəxslər aşkar edilib. Bəzi brokonyerlər silahlarını və ovladıqları quşları elə əraziyə ataraq qaçıb. Reyd zamanı iki nəfər brokonyer - İmişli rayon sakinləri, Qədim Sadıqov və Ülvi Baxşəliyev adlı şəxslər polis əməkdaşları tərəfindən saxlanıb. Reyd zamanı iki ədəd qoşalülə, bir ədəd beşaçılan, bir ədəd təklülə ov tüfəngləri polis əməkdaşları tərəfindən sənədləşdirilərək götürülüb.