Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində QHT-lərlə birgə ictimai müzakirə keçirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası insan hüquqları sahəsində qanunvericiliyin inkişafında yeni mərhələ kimi” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə nazirliyin, müvafiq sahə üzrə ixtisaslaşmış QHT-lərin, BMT Uşaq Fondunun (UNİCEF) nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov tədbiri giriş sözü ilə açaraq, əlilliyi olan şəxslərin sosial müdafiəsinin, onların reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyasının Azərbaycanda aparılan sosial siyasətin əsas prioritetlərindən olduğunu vurğulayıb. N.Məmmədov bu təbəqədən olan insanların maddi və mənəvi tələbatlarının ödənilməsi yönündə respublikamızda görülən işlərdən, icra olunan sosial proqramlardan bəhs edib. O bildirib ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulan ölkəmizdə bu sənəddən irəli gələn öhdəliklərin icrası istiqamətində mühüm işlər aparılır. Konvensiyanın icrasına dair Azərbaycan tərəfindən BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında təqdim edilən ilk məruzə də müsbət dəyərləndirilib. Qeyd olunan Konvensiyanın müddəaları nəzərə alınmaqla milli qanunvericiliyin təkmilləşdirilməsi işləri aparılır. Bununla əlaqədar hazırlanmış yeni “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun layihəsinə də qeyd olunan Komitə müsbət rəy verib. Həmin layihə, eyni zamanda Konvensiyanın müddəalarının icrası məqsədilə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair hazırlanmış Milli Fəaliyyət Proqramının layihəsi vətəndaş cəmiyyətləri ilə birgə müzakirələr şəraitində daha da təkmilləşdirilib.Nazir müavini keçirilən bu ictimai müzakirənin də BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ölkəmizdə icrası məsələlərinə, bu sənədin milli qanunvericiliyin inkişafında roluna həsr edildiyini diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Mayis Əliyev BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həmin təbəqədən olan insanların sosial müdafiəsi ilə bağlı qanunvericiliyin inkişafında əhəmiyyətindən bəhs edib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının sektor müdiri Müqalib Mahmudovun (“BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının insan hüquqları sahəsində qanunvericiliyin inkişafına təsiri”), UNICEF-in Azərbaycandakı nümayəndəliyinin uşaq müdafiəsi şöbəsinin müdiri Ramiz Behbudovun ( “Konvensiyanın milli səviyyədə icrasına UNİCEF-in töhfələri”), Şuranın sədr müavini və b. çıxışları dinlənilib. Tədbir mövzuya dair müzakirələrlə davam edib, təklif və tövsiyələr bildirilib.