Son dönəmdə Azərbaycanda 11 bankın fəaliyyəti dayandırıldı
Neft bumu dövründə belə iqtisadçılar ölkədə fəaliyyət göstərən bankların sayının çox olmasını bildirirdilər. Ölkədə baş verən 2 devalvasiyadan sonra isə fəaliyyətində problemlər olan banklar bağlanmağa başladı. İki ay öncə ölkədə 4 bank, “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib. Son olaraq isə “Bank Standard” QSC-nin lisenziyası ləğv edilib.Ölkədə daha bir neçə bankın lisenziyasının ləğv ediləcəyi proqnozlaşdırılıb. Mərkəzi Bank və Banklara nəzarət palatası banklara birləşməyi tövsiyə edir. Banklar isə bunda maraqlı deyil.
İqtisadçı ekspert Vüqar Bayramov bankların bağlanması və ölkə iqtisadiyyatında bankların rolu barədə Ölkə.Az-a danışıb:
"Hazırda bank sektoruna inam azalıb. Banklara inamın gücləndirilməsi vacibdir. Banklara nəzarət edən qurumlara nəzarəti gücləndirmək lazımdır. 6 bank bağlanan zaman sizin sayta açıqlamamda bildirmişdim ki, bu bağlanan sonuncu banklar deyil. Bankların bağlanması prosesi davam edəcək. Banların sayı kifayət qədər çox idi. O zaman Mərkəzi Bank bildirdi ki, bank sektorunda problem yoxdur. Bundan qısa bir müddət sonra daha 4 bank bağlandı. 4 bank bağlanan zaman Banklara nəzarət palatası bildirdi ki, "artıq bank sektorunda problem yoxdur, heç bir bankın bağlanması gündəmdə deyil". O zaman da bildirdim ki, bu mümkün deyil, bu praktiki olaraq da mümkün deyildi. Bu açıqlamadan təxminən 2 ay sonra yeni bir bank bağlandı.
Dövlət qurumları açıqlamalar verərkən çalışmalıdırlar ki, onların açıqlamaları banklara inamın formalaşması istiqamətində olsun. Cəmiyyətə doğru məlumatların verilməsi vacibdir. Çünki bank sektoru həssasdır. Vətəndaş qazandığı pulu bankda saxlayır. Vətəndaş narahat olur, görəsən onun pul saxladığı bank müflis olacaq, ya olmayacaq. Bank sektorunun bu gün ən böyük problemi inamın azalmasıdır. Banklara inam azalıb. Evində pul saxlamaqdan ehtiyatlanan vətəndaş o pulu bankda saxlamağa üstünlük verir, bununla həm də çalşır ki, gəlir əldə etsin. Vətəndaşın pulu bankdadır, ancaq özü narahatdır. Vətəndaş banka pul qoyandan sonra düşünür ki, bank müflis olsa nə olacaq, pulunu necə geri ala biləcək?
Banklara inamın azalmasının əsas səbəbləri rekritivliyin aşağı düşməsi, ödəmə qabiliyyətinin zəifləməsi, bəzi bankların öhdəliklərini yerinə yetirməməsidir. Bunlar bütün banklara aid deyil. Bu gün Azərbaycanda normal fəaliyyət göstərən banklar var. Bunu etiraf etmək lazımdır. Bəzi bankların öz öhdəliyini yerinə yetirməməsi bütövlükdə bank sektoruna olan inamın azalmasına gətirib çıxardır. Bankların sayının azalması prosesi davam edəcək. Əslində neft bumu dövründə də bildirirdik ki, Azərbaycan üçün 43 bankın olması çoxdur. Bizim də qiymətləndirmələr ondan ibarədir ki, Azərbaycanda mövcud iqtisadiyyatın miqyasını, dövriyyəni nəzərə alsaq, Azərbaycan üçün 20 bank kifayətdir. 20 bankla dövriyyənin tənzimlənməsi mümkündür".
İqtisadçı ekspert bankların birləşməsi ilə bağlı onu bildirdi ki, banklar birləşməyə getmir:
"Bankların birləşməsi üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Banklara verilən sözlər yerinə yetirilmədi. Banklara birləş deməklə birləşməyəcək, çünki bankların problemləri çoxdur. Bu gün fəaliyyətində problem olan bankların çoxluğunu nəzərə alaraq, bankları stimullaşdırmaq lazımdır. Elə etmək lazımdır ki, banklar birləşməyə maraqlı olsunlar. Mərkəzi Bank və Banklara nəzarət palatası bankları birləşməyə təşviq etməlidir. Belə bir təşviqetmə olmadığına görə, bankların idarə etməsində problemlər olduğuna görə bu gün biz bankların bağlanmasını müşahidə edirik.
Birmənalı şəkildə bankların dəstəyə ehtiyacı var. Problemli banklar var, onların problemləri davam edir. Bankların iflas faktoru kifayət qədər böyükdür, bu da dövlət üçün əlavə yükdür. Bankların sağlamlaşdırılmasına ehtiyac var. Onların birləşdirilməsi və aktivlərinin sağlamlaşdırılması vacibdir.
Son aylar ərzində 11 bankın müflis olması onu göstərir ki, bank sektorunda vəziyyət yaxşı deyil. 43 bankdan 11 bank bağlandı. Bankların bağlanmasının davam edəcəyi istisna edilmir. Mövcud problemlərin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. İstər Mərəzi Bank, istərsə də Banklara Nəzarət Palatası qısa müddətdə bankların sağlamlaşdırılmasını həyata keçirməlidir. Bank iqtisadiyyatda lokomotiv rolunu oynayır. İqtisadi islahatlar bankların sağlamlaşdırılmasından keçməlidir və keçəcək də. Bütün hallarda mövcud problemin aradan qaldırılması istiqamətində Mərkəzi Bank və Banklara Nəzarət Palatası lazımi addımlar atmalıdır".
Qeyd edək ki, yayılan xəbərlərə görə, Mərkəzi Bank "Unibank"la - "Texnikabank"ın, "Bank of Baku" ilə - "AFB" Bankın birləşməsini onların rəhbər şəxslərinə tövsiyə edib.