Qeyri-neft sektoru büdcə qorxularını azaldacaq

Qeyri-neft sektoru büdcə qorxularını azaldacaq backend

Yeni təsdiq olunmuş 2017-ci ilin dövlət büdcəsində 2016-cı illə müqayisədə kəsirlər olduğu müşahidə olunur. Dövlət büdcəsinin gəlirləri 15,955 milyard manat, xərcləri 16,6 milyard manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 15 milyard 312 milyon 619 min manat, yerli gəlirləri 642,381 milyon manat, mərkəzləşdirilmiş xərcləri 15 milyard 881,730 milyon manat, yerli xərcləri 718,270 milyon manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Beləliklə, gələn ilin dövlət büdcəsinin 645 milyon manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. Bu il üçün dövlət 17 milyarda yaxın gəlir, 18 milyarddan çox isə xərc hesablanmışdı. Maliyyə Nazirliyinin sentyabrın 28-də açıqladığı 2017-ci il büdcəsinin əsasən Əlavə Dəyər Vergisi (ƏDV) və Neft Fondunun hesabına formalaşması nəzərdə tutulur. Belə ki, ƏDV-dən təxminən 4 milyard, Neft Fondundan 6 milyard manat gözlənilir. Fiziki və hüquqi şəxslərin gəlir vergisi isə təxminən 3 milyard manat hesablanır. Xarici dövlətlərə verilmiş kreditlərdən 50 milyon manata qədər divident əldə olunacağı gözlənilir.

İqtisadçılar şərhlərində əsasən dövlət büdcəsində kəsirlərin olmasını neft faktoru ilə əlaqələndirirlər.

Yarım ildə dövlət büdcəsində 687 milyon manat kəsir yarandığını xatırladan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, dövlət büdcəsinin icrasındakı vəziyyət dünya bazarında neftin qiymətindən də çox asılıdır: "Dövlət büdcəsinin gəlirlərinin azalması daha çox neftdən daxilolmalarla bağlıdır. 2016-cı ilin birinci yarısında dövlət büdcəsində defisit qeydə alınıb. Dövlət büdcəsinin xərcləri gəlirlərindən daha çox olub və Maliyyə Nazirliyinin yaydığı məlumata görə, dövlət büdcəsinin gəlirlərinin azalması fonunda xərcləmələrin davam etməsi defisitin yaranmasına səbəb olub. Bu ilin 6 ayında dövlət büdcəsinin gəlirləri 6 milyard 134 milyon manat, dövlət büdcəsinin xərcləri isə 6 milyard 821 milyon manat olub. Bu o deməkdir ki, yarımildə dövlət büdcəsində 687.7 milyon manat kəsir yaranıb. Əslində bu kəsir vergi daxilolmalarından deyil, birbaşa neft sektorundan daxilolmaların azaldılması hesabına baş verib. Eyni zamanda aparılan monitorinqlər göstərir ki, digər mənbələrdən də büdcəyə daxilolmalarda müəyyən azalmalar müşahidə olunub. Neft sektoru dövlət büdcəsinin gəlirlərinin əsas tərkib hissəsini təşkil edir və neft sektoruna daxilolmalar yalnız Dövlət Neft Fondunun transferləri deyil, eyni zamanda vergilər hesabına da formalaşır. Bu baxımdan daxilolmalarda azalmalar olduğuna görə büdcə gəlirlərində defisit yaranıb. Eyni zamanda neftin dünya bazarında qiymətinin ucuzlaşması nəticə etibarilə büdcə gəlirlərinə, daxilolmalara öz təsirini göstərir. Neftin dünya bazarındakı qiyməti aşağı olarsa, bu növbəti dövrlərdə də büdcə daxilolmalarına təsir göstərəcək və müəyyən azalmalar müşahidə olunacaq. Bu baxımdan növbəti mərhələdə çox vacibdir ki, neftdən kənar əldə edilən gəlirlərin artırılsın. Xüsusən də, büdcə gəlirlərinin deflyasiyası artıq vacibdir ki, büdcə gəlirinin neftdən asılılığı azalsın".

Ekspert Qubad İbadoğlu isə 2017-ci ildə böyük özəlləşdirmə gözlənilmədiyini deyib: "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Layihəyə görə, 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinin 15,9 milyard manat, xərclərinin 16,6 milyard manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir. Çünki dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar da bu illə müqayisədə gələn il yalnız 1 milyon manat artım planlaşdırılıb. Növbəti il Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfert 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək. Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək. Növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq. Bu mənbədən daxilolmalarda 48 milyon manat artım proqnozlaşdırılır. Bu isə o deməkdir ki, gələn il ödənişli təhsil 20 faizə qədər bahalaşacaq".

Dövlətin maliyyə bazasında hazırkı vəziyyəti analiz edən bır sıra mütəxəssislər belə düşünür ki, 2015-ci ilin 25 milyon manat büdcəsi qarşısında bu ilin 17 milyon büdcə toplanmasına proporsional şəkildə uyğun olaraq növbəti ildə də azalma müşahidə olunacaq.

Ölkə iqtisadiyyatına daha bir təhlükə investisiya xərcləri ilə bağlı olduğunu qeyd edən Ekspert Nemət Əliyevin şərhinə görə isə 2015-ci ilin büdcəsində 6.9 milyard investisiya xərcləri nəzərdə tutulsa da bu ilin büdcəsində 2.5 dəfə kiçildildi və 3 milyarda salındı: "Əgər investisiya xərcləri üzrə səkkiz aylıq dövrdə 3 milyardın icra qrafikinə baxsaq, görərik ki, onun 50 faizə qədər icra olunmayıb. İlin səkkiz ayı arxada qalıb. Amma 3 milyarddan 926 milyon manat xərclənib. İnvestisiya xərclərinin kəskin şəkildə ixtisar olunması gələn ilin perspektivi ilə bağlı heç nə vəd etmir. Bu iqtisadi fəallığı əhəmiyyətli dərəcədə zəiflədir. İqtisadi fəallığın zəifləməsi isə iş yerlərinin itirilməsinə, maaşların gecikməsinə səbəb olur".


Pensiyalar artacaq


Sosial müavinət məsələsində isə gələcəkdə pensiyaların artacağı ilə bağlı rəsmi açıqlamalar yer alıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin açılamasında cari ilin 9 ayı ərzində DSMF-nin gəlirləri 2 mlrd. 185,2 mln. manat təşkil edib, sosial sığorta daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 5% artaraq 1 mlrd. 305 mln. manata çatıb:

"Bu artım tendensiyası dövlət büdcəsindən ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub. Bütün bunlar milli iqtisadiyyatın dayanıqlığı şəraitində əhalinin sosial sığortaya cəlb olunan gəlirlərinin artımını ifadə etməklə yanaşı, sığorta-pensiya sisteminin iştirakçılarının aktivliyinin yüksəldilməsinin nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyata alınanların sayı 160 min nəfər artaraq 3 milyon 136 min nəfəri ötüb".

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində fondun xərcləri 2 mlrd. 195 mln. manat olub və bunun 98%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəlib.

E. Mehdiyev qeyd edib ki, 2016-cı il üçün DSMF-nin gəlir və xərclərinin 3 mlrd. 78,6 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 22,3 mln. manat və ya 0,7% çoxdur.

Xərclər üzrə dəyişikliyin istiqamətləri belədir: "Əmək pensiyası üzrə xərclərin artımı 13,1 milyon manat müavinətlər üzrə artım 8,9 milyon manat, digər xərclər üzrə artım 300 min manat proqnozlaşdırılır".

Ekspertlərin bədbin proqnozlarına baxmayaraq dövlətin gələcək illərlə bağlı neft sektorundan asılı olmayan planları müəyyən qədər optimist fikirlər formalaşdırır. Mütəxəssislər sosial təminat sahəsində artım olmayacağını vəd etsələr də stabilliyin tərəfdarıdırlar. Çünki biri alıb biri satır tendensiyasında nəticə etibarı ilə büdcəyə eyni məbləğ daxil olur. Bu isə bir daha neft tranferindin əsas rol oynadığının işarəsidir. Lakin bir maraqlı fakta toxunaq. Ekspert Rövşən Ağayevin 2017-ci il büdcəsi ilə bağlı şərhində qeyd olunur ki, 2006-cı ildə böyük neft pullarının axını başlayanda Neft Fondundan büdcəyə transferlərin həcmini sürətlə artırıb dövlət büdcəsinin böyüməsi necə müsbət tonda təbliğ olunurdusa, indi də Fonddan büdcəyə köçürmələri o sürətlə azaldıb büdcənin kiçilməsini eyni coşqu ilə müsbət tonda təbliğ edirlər...…

Nəticə etibarı ilə bu amil dövlətin növbəti illə bağlı təsdiqlədiyi büdcə ilə bağlı qorxular yox optimist fikirlər yaradır. Çünki dövlətin yeni il üçün qeyri-neft sektorunun nüfuzunu artıracaq yeni planları var. Ekspertlərin proqnozları ilə bağlı optimal cavab da bu olmalıdır.

Rüfət Soltan

Diaspora