Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Bank Standard" kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir.
Qaziler.az-ın məlumatına görə, "APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.Onun sözlərinə görə, Palata bu qərarını 4 iyul 2016-cı il tarixindən banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin və “Bank Standard”ın yeni menecementinin müraciəti əsasında dövlət maliyyə qurumları (Maliyyə Nazirliyi və Mərkəzi Bank) ilə məsləhətləşməklə qəbul edib.
“Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi son dövrlər onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olmuş, bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdı. Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən mayın 3-dən etibarən ona 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. Palatanın inzibatçılığı dövründə bankın aktivlərinin səfərbər olunması istiqamətində görülmüş tədbirlər və Mərkəzi Bank tərəfindən edilən likvidlik dəstəyi nəticəsində sosial xarakterli ödənişlər və 5000 manata qədər olan əmanətlərin qaytarılması təmin olunmuşdu. Bununla yanaşı, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqlarının ödənişi də fasiləsiz davam etmişdi. Bankın maliyyə sektorunda mövqeyini, aktivlərin xüsusi çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə 4 iyul tarixindən onun əsas səhm paketi dövlətə məxsus “Azər- Türk Bank” ASC vasitəsilə sağlamlaşdırılması barədə qərar qəbul olunmuşdu. Sanator bank tərəfindən “Bank Standard” KB-nin Müşahidə Şurası yenidən təşkil olunmuş və idarəetmə orqanları formalaşdırılmış, onlara bankın maliyyə dayanıqlığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramının hazırlanması həvalə edilmişdi.”, - deyə R.Aslanlı vurğulayıb.
R.Aslanlı bildirib ki ötən dövr ərzində bankın yeni menecmenti bir neçə sağlamlaşdırma ssenarisi təklif etsə də, bunların heç biri bankın maliyyə dayanıqlığının bərpası üçün yetərli olmayıb: “Bu dövrdə bankın üzləşdiyi kəskin likvidlik probleminin həlli məqsədilə Mərkəzi Bankı tərəfindən banka əlavə likvidlik dəstəyi göstərilsə də, ödəmə qabiliyyətinin tam bərpası, əlavə kapital inyeksiyası olmadan isə onun itkilərinin qarşısının alınması mümkün olmayıb”.
Onun sözlərinə görə, sanator bank müraciətində “Bank Standard”-ın sağlamlaşdırılması üçün tələb olunan sərmayənin mövcud makroiqtisadi şəraitdə hökumət və ya Mərkəzi Bank tərəfindən ayrılmasının qeyri-reallığını əsas götürərək bankın sağlamlaşdırma təşəbbüsünün təxirə salınmadan dayandırılması və onun müflis elan edilməsini xahiş edib: “Müraciəti nəzərə alaraq və əlavə itkilərin qarşısının alınması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir”.
“Bank Standard” Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Bu məqsədlə zəruri olan vəsaitlərin hökumət zəmanəti ilə Mərkəzi Bank tərəfindən Fonda ödənilməsi müvafiq orqanlarla razılaşdırılıb.
Artıq bu gündən Palata tərəfindən banka müvəqqəti inzibatçı təyin edilib. Palata “Bank Standard”ın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət ediləcək. Bankın öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək.