Torpağı əkib becərmədinsə...

Torpağı əkib becərmədinsə... backend

"Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin istifadə olunmamasına görə torpaq sahibi cəzalandırılması tədbirləri artıq həyata keçirilir”.

Bununla bağlı Nazirliyin Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Adalet.az-ın sorğusunu cavablandırarkən deyib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, cəzalandırma tədbirləri barədə araşdırma aparılır, bununla bağlı dəqiqləşdirilmiş məlumatlar tezliklə mətbuta təqdim ediləcək.

Nazirlikdən bildiriblər ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququ yarandıqdan sonra həmin torpaq sahələrinin ardıcıl iki il müddətində istifadəsiz qalmasına yol verilməməlidir. Rəsmi qurum bunun Azərbaycanda torpaq resurslarının məhdud olması ilə izah edir.

Azərbaycanın vahid torpaq fondunun sahəsi 8 milyon 641 min 500 hektardır. Rəsmi rəqəmlərə görə, təxminən 4,5 milyon ha ərazimiz kənd təsərrüfatı üçün yararlıdır. Hazırda bunun 30 faizindən, yəni 1 milyon 583 min hektarından istifadə olunur. Qalan torpaqlar qışlaq, örüş və biçənək sahələridir. Əkinəyararlı torpaqların isə 600 min hektarı ermənilər tərəfindən işğal olunub. Amma digər torpaq ehtiyatlarımızın da bir hissəsi əkinəyararlı deyil.

Yeni qayda həm də özüylə bir sıra strateji-taktiki məsələləri ortaya qoyur. Həmçinin cərimələri ödəməyən torpaq sahiblərinin əmlakının müsadirə edilməsi də nəzərdə tutulur. Mütəxəssislərin dediyinə görə, bu Avropa ölkələrində olan bir qaydadır.


İqtisadçıların fikirlərinə görə, yeni dəyişikliyin edilməsi müsbət haldır, lakin kənd təsərrüfatı torpaqlarının artıq investisiya aləti kimi mövqeyi zəifləyəcək. Çünki bir sıra hallarda bu cür torpaqlar alınıb istifadəsiz saxlanılırdı. Bunun səbəbi gələcəkdə bu torpaqları baha qiymətə satmaq, uzunmüddətli perspektivdə təyinatını dəyişdirmək (məsələn, məskunlaşma zonalarına yaxın ərazilərdə çoxlu sayda kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, onlar sonradan təyinatını dəyişdirmək üçün alınıb) və ya nə vaxtsa gələcəkdə (4-5 ildən sonra) kənd təsərrüfatı təyinatları üçün istifadə etmək üçün alınırdı. Bu isə son nəticədə kənd təsərrüfatı torpaqlarının iqtisadiyyat üçün səmərəsiz qalması ilə yanaşı bəzi hallarda qiymət artımına səbəb olurdu.

Məsələyə münasibət bildirən iqtisadçı alim Əli Əlirzayev, prinsipcə, buna müsbət prizmadan yanaşdı: "Torpaq əkinə yararlıdırsa, o zaman gərək ondan səmərəli istifadə edəsən. Yəni onu əkəsən, becərəsən, torpağa gübrə verəsən, növbəli əkinə keçəsən və s. Çünki torpağı fasiləsiz istifadə etmək də olmaz. O zaman torpağın məhsuldarlığı aşağı düşəcək, istənilən səviyyədə məhsul verməz. Ona görə də torpaqdan istifadə olunması, onun qiymətləndirilməsi, torpağa kapital qoyuluşu çətin məsələdir. Gərək torpağa kapital qoyasan ki, sonra o kapitaldan istifadə edəsən.

Hesab edirəm ki, əkinə yararlı torpaq verilirsə, o becərilməlidir. Becərilmirsə, o zaman becərmək üçün digərinə verilməlidir. Nəzərə almaq lazımdır ki, torpaq becərilməsə, dövlət büdcəsi də formalaşmaz. Azərbaycanda torpaq resursları məhduddur.

Ona görə də dövlət məcbur olur ki, müxtəlif təsir rıçaqlarını işə salsın. Belə ki, əkinə yararlı torpaq istifadə olunmursa, o zaman həmin torpağın müsadirə edilməsi gündəmə gəlir. Hesab edirəm ki, lazım gələrsə, buna getmək lazımdır. Çünki torpaqların istifadəsiz qalması dövlətə ziyan gətirir”.


Torpaq səhmdarlığı üzrə "Value and Sources” konsaltinq şirkətindən qəzetimizə verilən açıqlamaya görə, hazırda mülkiyyətində olan torpağı istifadə etməyənlər isə vəziyyətdən çıxış yolları axtaracaqlar: "Çıxış yollarından biri də onların satılması ola bilər. Buna görə də kənd təsərrüfatı torpaqlarının qiymətində azalmanın müşahidə edilməsi istisna deyil, bu isə müvəqqəti ola bilər. Belə olsa, bunun kənd təsərrüfatı üçün müsbət təsirləri olacaq. Ən əsası ona görəki, faktiki olaraq kənd təsərrüfatı ilə məşğul olanlar bu torpaqları ucuz qiymətə əldə edib istehsal fəaliyyətlərini genişləndirəcəklər. Digər tərəfdən isə bu hal bazara daxil olan yeni oyunçuların investisiya xərclərini azaldacaq. Qeyd etmək istəyirik ki, dünya bazarında enerjidaşıyıcılarının qiymətlərinin azalması, ölkəni qeyri-neft sektoruna, xüsusən də kənd təsərrüfatına diqqəti daha da artırmağa məcbur edir. Qanundakı bu dəyişikliklər məhz bu məqsədi güdür. Kənd təsərrüfatının inkişafı kənd təsərrüfatı torpaqlarına tələbatı artıracaq. Bu isə uzunmüddətli perspektivdə kənd təsərrüfatı torpaqlarının qiymətlərinin bir müddətdən sonra artıra bilər”.


Qeyd edək ki, ölkədə kənd təsərrüfatı üçün yararlı olan torpaqların normal vəziyyətə qaytarılması üçün 1 milyard dollara yaxın vəsait lazımdır. 2011-ci ildən bəri aparılan tədqiqatların nəticələrinə görə, bəzi regionlarda vəziyyət pisləşməyə doğru gedir. Maraqlıdır, belə olan halda torpaqlarımızın yararsızlaşmaması üçün hansı tədbirlər görülməlidir?


Statistikanın bədbin rəqəmləri

Uzun illər kənd təsərrüfatı sistemində işləyən aqrar mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, suvarılan sahələrin 47 faizi, dağlıq ərazilərin 40 faizi müxtəlif dərəcədə şoranlaşma, səhralaşma, bir sözlə, deqradasiya prosesinə məruz qalıb: "Bunlar çox ciddi rəqəmlərdir. Məsələ ondadır ki, bizim göstəricilər digər ölkələrin göstəricilərindən çox yüksəkdir. Çünki torpaq sahəmiz az olduğu üçün yararsız torpaqların faiz göstəriciləri çox təhlükəli həddə gəlib çata bilib. Əkinəyararlı torpaq sahələri getdikcə məhv olur. Statistik rəqəmlərə görə, ölkədə kənd təsərrüfatına yararlı torpağın 1 milyon 30 min hektarı, yəni 25 faizi şoranlaşıb. Rəsmi statistikaya görə, hər il Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalı aşağı düşür. Məsələn, ötən il 800 min ha-ya yaxın əkin sahəsindən 2,5 milyon ton dənli və paxlalı bitkilər toplanıb".
Dünyada aqrar sahənin təcrübəsini öyrənən iqtisadi və sosial mərkəzlərin hesablamalarına görə, 1 ha münbit torpaq 4-5 nəfərdən ibarət ailəni yedirtməlidir. Bu hesabla 1 milyon ha torpaq 4-5 milyon adamı ərzaqla təmin edə bilər. Deməli, ərzaq təhlükəsizliyinin tam təminatı üçün bütün torpaq ehtiyatları dövriyyəyə salınmalıdır. Hər şeydən öncə, ölkədə adambaşına təqribən 0,195 ha əkin yeri və 0,53 ha kənd təsərrüfatına yararlı torpaq sahəsinin düşməsini nəzərə alaraq, habelə ərzaq təhlükəsizliyi probleminin həll edilməsi məqsədi ilə əkin sahələrindən daha səmərəli istifadə olunması və onun digər məqsəd üçün ayrılması qadağan olunmalıdır.

Kənd təsərrürafı üzrə ekspert Ziyad Abbasov isə hesab edir ki, meşə sahələrinin də azalması torpağın şoranlaşmasına səbəb olur: "Meşələrin qırılması bu zərərli prosesi bir az da sürətləndirib. Sahəsinin 30 faizi meşə olan ölkədə aqrar sahə çox gözəl inkişaf edir. O ölkələr heç vaxt aclıq problemi ilə üzləşmir. Meşələr olan yerdə torpaq normal rütubətlə təmin edilir. Suların torpaq səthinə çıxması kimi hallara rast gəlinmir. Meşələr torpağın su balansını qoruyur. Əks halda torpaqlarda səhralaşma prosesi gedir. Hazırda respublika ərazisinin cəmi 10-12 faizi meşə ilə örtülüb ki, şoranlaşma ilə mübarizədə meşələrin iki dəfə artırılmasına ehtiyac var. Əks təqdirdə ölkə ciddi problemlərlə üz-üzə qala bilər. Aran bölgəsində şoranlaşmanı sürətləndirən daha bir amil isə "Qarabağ" su kanalıdır. Kanalın inşası zamanı suyun sızmasının qarşısını almaq üçün xüsusi təbəqə yaradılmayıb. Nəticədə kanaldan sızan sular da qrunt sularına qarışaraq dərində olan duzları yer səthinə qaldırır. Kənd təsərrüfatında suvarma suyunun keyfiyyəti də torpağın şoranlaşmasına təsir edir. Tərkibi yoxlanılmayan artezian suyundan istifadə də torpağı zərərəli duzlarla zənginləşdirir. Son nəticədə isə əkinəyararlı torpaqlar tədricən məhv olur".
Kənd təsərrüfatında şoranlaşma prosesi ilə mübarizədə drenaj sisteminin tətbiqi zəruri sayılsa da, son illər bu işlərin aparılması yubandığından şoran torpaqların sahəsi artır. Drenaj sisteminin qurulması və nəzarəti respublikada "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə həvalə edilib.
Mütəxəssislərin sözlərinə görə, bu işlərin görülməsi dövlət proqramlarında nəzərdə tutulub. 2015-ci ilə qədər qəbul edilən dövlət proqramlarında drenaj sisteminin bərpası gözlənilir. Yəqin ki, tədricən bu işlər həyata keçiriləcək. Bir hektar torpaq sahəsi şoranlaşma səbəbindən öz münbitliyini itirirsə, onun əvvəlki normal vəziyyətinə qaytarılması üçün 25 il vaxt və bir milyon dollar vəsait lazımdır. Respublikamızda isə təxmini hesablamalara görə, zəif və orta dərəcədə şoranlaşmış torpaqların normal vəziyyətə qaytarılması üçün 1 milyard dollara yaxın vəsait lazım gələcək.

Qeyd edək ki, layihədə təklif olunan maddənin 1-ci hissəsinə görə, "Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir”. Hazırda bu cərimələrin yuxarı həddi cəmi 32 manatdır.

Maddənin 2-ci hissəsinə görə isə qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə olunacaq. Hazırda isə bu cərimənin yuxarı həddi cəmi 35 manatdır. Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Rüfət Soltan


Diaspora