“Made in Azerbaijan”ın dünya turu

“Made in Azerbaijan”ın dünya turu backend

Prezident İlham Əliyevin ötən günlərdə Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında sərəncam imzaladı. Yeni sərəncamın əsas məğzini isə yerli istehsal məhsulları haqqında məlumatların protallarda ək olunması və xaricdə yerli brendlərin tanıdılması təşkil edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən sərəncamı şərh edərəkbildiriblər ki, istehsalçılarla məlumatların elektron şəkildə və daha operativ mübadiləsi, istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədilə portalda “elektron kabinet” bölməsinin yaradılması istifadəçilərin daha operativ məlumat əldə etməsini təmin edəcək. Sahibkarlar tərəfindən məlumatların mütəmadi olaraq portalda yerləşdirilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təbliğat-təşviqat tədbirləri həyata keçiriləcək, portal barədə məlumatlar kütləvi informasiya vasitələri ilə işıqlandırılacaq.

Portalın yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 400,0 min manat vəsait ayrılacaqdır ki, bu vəsaitin təyinatı üzrə xərclənməsinin təmin edilməsi və Sərəncamdan irəli gələn digər məsələlərin həlli də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.

Ölkədə istehsal olunan mallarda “Made in Azerbaijan” embleminin tanıdılması istiqamətində təbliğata ehtiyac var. Gündəlik tələbatımızda bir vaxtlar başqa dövlətlərə məxsus istehsal brendlərinə rast gəlsək də günün reallığı ondan ibarətdir ki, məişət, elektronik, kənd təsərrüfatı və digər qeyri-neft sektoru sahələrində yerli adlarımıza tez-tez rast gəlinir. Ekspertlər də hesab edir ki, artıq yerli tələbatı ödəmək gücümüz artıb və gələcəkdə ixrac potensialının artırılması üçün məlumat bazasının, eləcə də yerli brendin tanıdılmasına ehtiyac duyulur. Acı həqiqətlərdən biri isə budur ki, bəzi yerli istehsal malları xaricdə başqa bir ölkənin adı altında satılır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı saytımıza fikirlərini bölüşüb. Onun sözlərinə görə, yerli malların xaricdə təbliğatı hal-hazırda çox zəifdir: “Yerli istehsal olan fındıq Avropa ölkəsinə Türkiyə brendləri altında çıxarılır. Məhsul alarkən ilk növbədə onun hansı ölkədə istehsal olunmasına baxırıq. Azərbaycan bazarında bir çox ölkələrin brendlərinə rast gəlsək də, “Made in Azerbaijan” yazılan hər hansısa bir məhsula dünya bazarında az rast gəlinir. Halbuki Azərbaycanı dünya bazarında təmsil edə biləcək çoxlu sayda məhsullar var. Bəs ölkəmizin brendinin dünya bazarında tanınmamasına səbəb nədir? Cavab isə bir sıra maneələrin olması ilə izah olunur. ABŞ-ın İnkişaf Agentliyi (USAID) Azərbaycanda 5 illik layihə həyata keçirdi. Bu layihə Azərbaycan mallarının rəqabətə davamlılıq layihəsi idi. USAID istehlakçıların bizə inamını nəzərə alaraq 2011-ci ildə, yəni layihənin sonunda bizə müraciət etdi və dedi ki, gəlin Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını təsis edib bunu dünyaya yayaq. Biz 2011-ci ildə Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını dövlət qeydiyyatına aldıq. Biz bunu 120 ölkədə təbliğ etmək məqsədi güdürdük. USAID əməkdaşlarımıza təhlükəsiz qida istehsal edən müəssisələri necə seçmək, necə qiymətləndirmək mövzusunda böyük bir treninq keçdi. 2011-ci ildən bəri keçən bir müddətdə biz altı müəssisəyə bu nişanı şamil edə bildik. Biz bu müəssisələrin dünyanın 120 ölkəsində brendlərini təbliğ etmək üçün iş apardıq. Təəssüf ki, bir çox dövlət orqanlarının məmurları üzdə buna dəstək versələr də, altda bizim bu işimizə ciddi maneçilik törətdilər. Mən Yeni Zelandiyada olarkən orada ”Aznar"ın, bir də Şirvanın nar şirələrini gördüm. Kanadada isə Azərbaycanın narşərabını görmüşəm. Ancaq bunlar həddindən artıq azdır. Azərbaycanda İqtisadiyyat Nazirliyinin yaratdığı AZTROMO adlı şirkət fəaliyyət göstərir. Bu şirkət Azərbaycan mallarının dünyada təbliği ilə məşğul olmalıdır. Azad İstehlakçılar Birliyi istədi ki, AZTROMA ilə əməkdaşlıq qursun və təmənnasız olaraq Azərbaycan mallarının xaricdə təbliğ olması üçün iş aparsın. Lakin AZTROMA, sadəcə olaraq, bir görüş keçirdi, vəssalam. Bu görüşdən başqa bir addım atmadı".

Azərbaycan dünya bazarında 90-cı illərdən sonra təmsil olunmağa başladı. 90-cı ildən sonra yeni prinsiplərə söykənən, bazar iqtisadiyyatına əsaslanan, rəqabət prinsiplərini özündə birləşdirməyə çalışan bir iqtisadi model formalaşması prosesi başladı. Bu dövrdə də Azərbaycanın yararlanacağı ən münasib sektorlarından biri neft sektoru idi. Neft sektoru uzunmüddətli bir dövrdə Azərbaycanda müəyyən infrastrukturun inkişafı baxımında müsbət nəticələrə gətirib çıxarsa da, bununla paralel olaraq qeyri-neft sektorunun inkişafına mənfi təsir etdi.

İqtisadçı ekspert Rəşad Hüseynov isə Azərbaycan brendinin dünyaya çıxa bilməməsinin obyektiv və subyektiv səbəbləri olduğunu bildirdi:“Yerli istehsalçıların böyük bir qismi artan daxili istehlakın mənfəətini götürmək məqsədi güdürdü. Buna görə də istehsal olunan məhsulların 90-95 faizi, sadəcə olaraq, daxili istehlaka söykənmişdi. Azərbaycan şərabları vaxtilə tanınırdı. Ancaq sonrakı dövrdə biz MDB daxilində belə Gürcüstanla rəqabət apara bilmədik. Bunun da səbəbi hədəf olaraq daxili istehlakçıya yönəlmiş qeyri-təbii bazar şərtlərində ticarəti həyata keçirən şirkətlərin dünya bazarında rəqabət apara biləcək səviyyədə mal istehsal etməməsi idi. Düşünürəm ki, ölkədə qeyri-neft sektorunun inkişafına zərurət yarandığından müəyyən islahatların aparılması ehtimalı böyükdür”.

Ekspeertlər onu da qeyd edir ki, Azərbaycanın Avropada kifayət qədər böyük bazarı var. Dövlətin bu cür dəstək göstərməsi ona inam yaradır ki, yaxın 10 ildə yerli brend dünyada tanınacaq.

Beynəlxalq sərgilər

Yerli brendin tanıdılması istiqamətində atılan ən mühüm addımlardan biri də paytaxt və regionlarda keçirilən beynəlxalq səviyyəli sərgilərdir. Ölkəyə turist axının artdığı dönəmdə isə bu layihələrin davamlı həyata keçirilməsi daha çox perspektivlərə yol açacaq. Məlumata görə, bu il Bakıda 16 beynəlxaq sərgi keçirilib ki, bu sərgilərdə 40 ölkədən 200-dən artıq şirkət iştirak edib. Turizm, telekommunikasiya və digər sahələri təşkil edən yerli istehsal və xidmət sərgiləri Azərbaycan adı altında əsasən Avropaya və digər ölkələrə çatdırılır. Beləliklə, Bakı şəhəri bu il də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilməkdədir. Bütün dünyada iqtisadi durumun qeyri-sabit olmasına baxmayaraq, bu tədbirlərin əhəmiyyəti daha da artır. Məhz sərgi və konfranslarda demək olar ki, məhdudiyyətsiz imkanlar təklif olunur, yeni texnologiyalar nümayiş etdirilir, yeni əlaqələr qurulur və yeni tərəfdaşlar müəyyənləşdirilir. Nəhayət, sərgi və konfranslar ölkəyə yeni investisiya axınının cəlb olunmasına da kömək edir.

Bir məsələni də qeyd edək ki, sərəncada yer alan məlmat bazası ilə bağlı portlaların fəaliyyəti isəgünümüzdə heç də qənaət bəşx hesab edilmir. Nümunə üçün bu ilin dünya reytinq saytı olan Alexa.com-un yaydığı buraxılışdı Azərbaycnda ən yüksək reytinqli 50 sayt arasında 23 yerli sayt yer tutub. Ən maraqlısı odur ki, bu 23 saytın da əksəriyyəti (15) xəbər resurslarıdır. Digər 8 saytdan üçü əyləncə portalı, ikisi alqı-satqı saytı, ikisi xidmət saytı, digəri isə mobil operatorlardan birinin rəsmi saytıdır.

Rüfət Soltan


Diaspora