Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında sərəncam imzalayıb.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, portalın yaradılması məqsədi ilə Prezidentin ehtiyat fondundan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 400 min manat ayrılıb.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən İnternet portalının üç ay müddətində yaradılmasını təmin etmək, həmin portalda istehsal fəaliyyəti üzrə (hər bir mal növü, onun istehsalçısı, hüquqi ünvanı, əlaqə vasitələri, habelə istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.) istifadəsi sadə olan axtarış sistemi yaratmaq, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil olunması, habelə istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədi ilə portalda “elektron kabinet” bölməsi yaratmaq və malların istehsalçıları tərəfindən məlumatların portalda yerləşdirilməsi üçün mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirmək tapşırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həmçinin yaradılmış portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin etməlidir.
Nazirlər Kabineti isə prezidentin aktlarının sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayaraq prezidentə təqdim etməli, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə üç ay müddətində prezidentə məlumat verməlidir.