Rusiyanın neft şirkətləri sentyabr ayında gündəlik neft hasilatını 11,085 mln. barellik göstərici ilə rekord həddə çatdırıblar. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika nazirinin müavini Kiril Molodtsov məlumat verib. Onun sözlərinə görə, tarixi rekorda sentyabrın 8-də nail olunub.
Xatırladaq ki, hazırda dünyanın iki böyük neft hasilatçısı - Rusiya və Səudiyyə Ərəbistanı neft bazarında paylarını itirməmək üçün maksimal dərəcədə çox qara qızıl hasil etməyə çalışırlar. Bu səbəbdən neft bazarında təklif tələbi daha çox üstələyir və qiymətlər düşür. Yaxın günlərdə isə Əlcəzairdə neft hasil edən ölkələrin neft hasilatının dondurulması ilə bağlı qərar qəbul etməsi gözlənilir. Bu qərar nəticəsində qiymətlərdə bir qədər yüksəlmə olacağı proqnozlaşdırılır.