“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmədə vəkillərin qaldırdıqları vəsatətlər qəbul olunmayıb. Lent.az-ın məlumatına görə, məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə iclası sentyabrın 27-nə təyin olunub.
***14:03
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent. az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə prosesinin sürətli şəkildə keçməyinə etiraz edib.
Hakim bildirib ki, bütün vəsatətlərə işi materialları tədqiq olunduqdan sonra baxılacaq.
Aqil Layicov və Fəxrəddin Mehdiyev məhkəmə tərkibinə etirazla bağlı vəsatət qaldırıblar.
Hakim deyib ki, etiraz yalnız məhkəmə sədrinin adına yazılmalıdır.
C. Hacıyev çıxış edərək bildirib ki, bankın bütün sənədləri məhkəməyə gətirilməlidir: "Çünki orda bütün kredit şərtləri göstərilib. Manatın devalvasiyasından sonra müəyyən fərqlər yaranıb. Bu fərqlər də kredit məsələsində mütləq hesablanmalıdır".
Sabiq bankir onu da qeyd edib ki, kreditlərin verilməsi İdarə Heyətinin qərarı ilə rəsmiləşdirilib. " Burda elə çıxır ki, mən üç min nəfərin yerinə işləmişəm, qol çəkib kredit paylamışam".
C. Hacıyev istintaqın aparılmasından da narazılığını bildirib: "Cənab hakim, siz hüquqşünassınız, bu isə maliyyədir. Gəlin sizə arayış verim. İstintaq 2008-2015-ci illərdə manatla verilən kreditləri həmin dövrün məzənnəsi ilə dollara çevirib, sonra isə bugünkü məzənnə ilə hesablayıb. İki dəfə devalvasiya olduğu üçün rəqəmlər şişib. Bu, düzgün deyil. Heyf ki, indi kalkulyatorum yoxdu, olsaydı hesablayardım. Siz kalkulyator götürün, mənlə birlikdə hesablayaq".
C. Hacıyevin vəkili Aqil Layicov bildirib ki, müxtəlif tarixlərdə C. Hacıyevin həyat yoldaşı və qızı ilə bank arasında səhmlərin alqı-satqısı olub. Yəni, onlara verilən kredit kartlarının borcu bu şəkildə ödənilib: "Buna görə də mən C. Hacıyevin ailə üzvlərinin kredit borclarının səhmlərlə əvəzlənməsi haqqında vəsatət verirəm".
C. Hacıyev əlavə edib ki, qızı Leyla Mahmudovanın ümumiyyətlə kredit borcu olmayıb və onun adı ittiham aktından çıxarılmalıdır.
Aqil Layicov digər bir vəsatətində Dünyamin Xəlilov və Xəqani Bəşirov adlı şəxslərin məhkəməyə şahid qismində dəvət olunmasını istəyib. "Verilən kreditlər layihələrə xərclənib. Dünyamin Xəlilov da bunu təsdiqləyə bilər. Xarici layihələrə isə Xəqani Bəşirov rəhbərlik edib. Buna görə həmin şəxslər məhkəməyə dəvət olunaraq ifadə verməlidir".
Vəkil A. Layicov Türkiyəli iş adamı Bülənt Haraminin şahid qismində dindirilməsimi istəyib: "Bu şəxs elə ifadələr verib ki... Müstəntiq adı çəkilən adamları istintaqa çağırmayıb".
Vəkil Fəxrəddin Hacıyev yenidən maliyyə naziri Samir Şərifovun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb.
Prokuror qaldırılan vəsatətlərə münasibət bildirərək, onların təmin olunmamasını istəyib.
Prokuror çıxışında Maliyyə Nazirliyinin mətbuat xidmətinin C. Hacıyevin 5 milyard manat mənimsəməsi ilə bağlı mətbuatda olan məlumatlara toxunub. Dövlət ittihamçısı bu məbləğin hazırkı ittiham aktına heç bir dəxli olmamasını deyib: "Ona görə də nazirliyin mətbuat sözcüsü Mais Piriyevin məhkəməyə gətirilməsinə heç bir ehtiyac yoxdur. Maliyyə Nazirliyində olan sənədlər yəqin ki, aidiyyatı qurumlara təqdim olunub və araşdırılır".
Məhkəmə vəsatətlərlə bağlı qərarını fasilədən sonra açıqlayacaq.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.