Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F.M. Mauyerin təsnifatına görə, pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var.
Azərbaycanda isə pambığın əsasən 5 növü mövcuddur. Ölkəmizdə pambıq əkini sahələrinə hələ 5-6 əsrdə yayılıb. Demək olar ki, Azərbaycan qədim pambıqçılıq məskənlərindən biri olub. Ona görə hazırkı dövrdə ölkə isqtisadiyyatının stimmullaşdırılmasını bərpa etmək və kənd təsərrüfatınıda çoxçeşidlilik və geniş tarla şəbəkəsinin yaranmasına ehtiyac var. Bu cəhətdən cənab prezidentin qeyri-neft sektorunun inkişaf istiqamətində tədbirləri təqdirə layiqdir.Dövlət başçısı ilk dəfə ötən ilin yanvarın 26-da keçirilmiş “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb və pambıqçılığın inkişaf etdirilməsi istiqamətində tapşırıqlar verib. Bu ilin sentyabrın 17-də ölkə prezidenti Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində gələn il ölkədə 200 min tondan çox pambıq istehsal olunacagını bəyan edib. O, eyni zamanda qeyd edib ki, 2017-ci ildə əgər bütün tapşırıqlar yerinə yetirilərsə, biz 250 min, hətta 300 min ton pambıq istehsal edə bilərik.
Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Lakin “ağ qızıl”ın kəmiyyət hesabının azalması SSRİ-nin parçalandığından bu yana davam edir. Qeyd edək ki, sovet dövründə-planlı təsərrüfat sistemində, digər sahələr kimi pambıqçılıq sahəsi də inkişaf edirdi. Azərbaycanın əldə etdiyi pambıq bir milyon tondan çox idi. Dünya statistikasında hazırkı dövr üçün pambıq istehsalına görə ilk 25-liyə düşən ölkələrdə illik pambıq istehsalı 500 mindən çoxdur. Məhsulun sifarişçisi olan dövlət kolxoz və sovxozları lazımi istehsal vasitələri ilə təmin edirdi. Dövlət hesabına torpaqlarda meliorasiya işləri aparılır və suvarma sistemi tələbatı tam ödəyirdi. İstehsal olunan xam pambıq dövlətin emal müəssisələrində vaxtında emal olunaraq, mərkəzləşdirilmiş qaydada satılırdı. İstehsalçılar da heç bir problemlə qarşılaşmadan məhsulun pulunu vaxtında ala bilirdilər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən bir müddət sonra bütün sahələr kimi kənd təssərrüfatında da azalmalar müşahidə olunmağa başladı. Bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən “ağ qızıl” istehsalı da tədricən unuduldu. Torpaqlar kəndlilərə verildikdən, kolxoz və sovxozlar dağıldıqdan sonra pambıq əkinində də sərbəstlik yarandı. Texnika, mineral gübrələr və məhsulu satmaq üçün bazar olmadığından pambıqçılığa olan maraq ildən-ilə zəiflədi. Bundan sonra zavodların istehsal gücü azaldıldı və bu məhsulun bazarında durğunluq yarandı.
Prezidentin də konfransda dediyi kimi, 1970-ci ildən bu yana pambıq istehsalında müxtəlif səviyyə tərəddüdləri yaşanıb. 2015-ci il göstəricilərinə görə, pambıq istehsalı ən aşağı səviyyədədir. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda pambığın payı 1982-ci ildə 22 faiz təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 1,2 faizə qədər enib. 1970-ci ildə 190 min hektar, 1982-ci ildə isə 305 min hektar sahədə pambıq əkilmişdir. Keçən il ən aşağı səviyyəyə düşmüşdür - 18 min 700 hektar. Bu il 52 min hektar əkilib. Dövlət başçısı bildirib ki, gələn il hədəf 128 min hektardır. Əgər biz indiki səviyyəni götürsək, qeyd etdiyim kimi, 128 min hektar torpağın əkilməsi ən azı 250 min ton pambıq deməkdir. Ancaq yenə də deyirəm, biz hədəfi 300 min ton götürməliyik.
Ekspertlər deyir ki...
Tez bir zamanda pambıq istehsalının artırılması iqtisadiyyatımız üçün nə vəd edir? Uzun illər meyvə-tərəvəz istehsal edən, məhsullarını çətinliklə də olsa bazara çıxaran fermer bundan sonra pambıq əkməklə mənfəəət əldə edə biləcəkmi? Bəllidir ki, pambıq gərgin əmək və yüksək kapital tələb edir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, təxminən 10 il əvvəl 100 min hektar sahədə pambıq əkilirdisə, ötən il cəmi 18 min hektar sahədən pambıq yığılıb. Pambıq istehsalı isə 35 min tondan az olub. "Yəni bu ilə qədər hər il pambıq istehsalında azalma müşahidə edilib. Çünki bu sahəyə biganəlik vardı, fermerlərin problemləri həll edilmirdi. 2010-cu ildə "Pambıqçılıq haqqında" qanun qəbul edildi. Amma bunun müqabilində pambıqçılıq sürətlə gerilədi", - deyə ekspert əlavə edib.
V.Məhərrəmovun sözlərinə görə, fermerlər dünya bazarında gedən proseslərdən məlumatsızdılar. "Təəssüf ki, fermerlərimiz dünya bazarında baş verənlərdən məlumatsızdılar. Hətta çoxluq xammalın qiymətindən belə xəbərsizdir. Halbuki ilk növbədə dünya bazarında gedən proseslər izlənilməlidir", -deyə ekspert qeyd edib.
İqtisadçı Yaşar Hüseynov açıqlamasında bildirib ki, prezidentin belə bir təşəbbüs bəyan etməsi fermerlərə və təsərrüfatçılara stimul verir: “Altı il əvvəl Milli Məclisdə “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunanda fikirləşdim ki, bu strateji məhsulun inkişafı yenidən dövlətin diqqət mərkəzinə çevriləcək və “ağ qızıl”ın əvvəlki şöhrəti qaytarılacaq. Çünki bu qanunun əsas məqsədi dövlət proqramları əsasında ölkədə pambıqçılığın, yüngül sənayenin inkişaf etdirilməsinə, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və torpaqdan səmərəli istifadə olunmasına hüquqi, təşkilati və iqtisadi zəmin yaratmaqdır. Bununla da ölkədə yeni iş yerlərinin yaradılması istiqamətində də əsaslı dönüş yaranacaqdı. Çünki Aran zonasında yaşayanlar pambığın necə qiymətli bitki olduğunu çox yaxşı bilir. Məndə belə bir ümid yaranmışdı ki, bu qanunun qəbul olunması və həyata keçirilməsi nəticəsində pambıqçılıqla bağlı olan normativ-hüquqi sənədlər yenidən işlənəcək, müvafiq dövlət proqramları qəbul olunacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçımızın digər sahələr kimi, pambıqçılığın da inkişafının zəruriliyini qeyd etməsi və bununla əlaqədar qarşıya konkret vəzifələr qoyması məndə bu sahədə əsaslı dönüş yaranacağına böyük inam yaratdı. Ölkə başçısı bildirmişdir ki, kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarını genişləndirməliyik, ilk növbədə pambıqçılığı. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur”.
İqtisadçı Azər Məmmədov isə prezidentin bu yöndə tapşırıqlarının gələcək üçün səmərə verəcəyinə inanır. O bu sahədə verdiyi təkliflərlə bərabər hesab edir ki, pambığın alış qiymətləri fermerlərə sərf edərsə, onlar bu sahəyə maraq göstərəcəklər. Digər tərəfdən, pambıq yüngül sənayedə xammal kimi istifadə ediləndən sonra bu sahə gəlir gətirəcək: "Azərbaycanda əlverşli şərait var. Sadəcə, fermerlərin problemlərini həll etməklə istehsalı artırmaq, bu sahəni inkişaf etdirmək mümkündür. Hazırda Çin, Pakistan və Hindistan istehsal imkanlarını məhz öz daxili istehlaklarını qarşılamağa yönəldirlər”.
A.Məmmədovun sözlərinə görə, pambıq istehsalı yüksək əmək və kapital tələb edir. Buna görə də pambıqçılığın inkişafı fermerlərə edilən təkliflərdən çox asılıdır.
Pambıqçılığın inkişafında maneə və çıxış yolu
Pambıqçılığın inkişafına mane olan problemlərdən biri də torpaqların kiçik paylara bölünməsidir. A.Məmmədov hazırda torpaq sahələrinin xırda təsərrüfatlara pay şəklində bölündüyünü, buna görə də belə kiçik sahələrdə pambıq əkməyin gözlənilən nəticəni verməyəcəyini düşünür.
Amma çıxış yolu da var: "Məsələn, əvvəlcə kooperasiyalar yaradılmalı və iri təsərrüfatlar əsasında pambıq əkini həyata keçirilməlidir. Bu təklifi müxtəlif ekspertlər dəstəkləyirlər. Nəzərə almaq lazımdır ki, kultivasiya, dərmanlama aparılmalı, məhsul maşınla yığılmalıdır".
Hələlik isə Kənd Təsərrüfatı Nazirliyi pambıqçılığın inkişaf edəcəyini, gələcəkdə yüksək gəlir gətirəcəyini söyləməklə hadisələrə nikbin yanaşır. İstənilən halda pambıq büdcəyə əlavə vəsaitlərin daxil olması baxımından mühüm əhəmiyyətli sahədir. İstehsalın artırılması və pambıqçılığın gəlirli sahəyə çevrilməsi üçün dövlətin güzəştlərindən səmərəli istifadə etmək lazımdır.
Rüfət Soltan