Mütəxəssislər sağlam yaşamaq üçün həftədə ən az iki dəfə balıq yeməyi məsləhət görürlər. Lakin balığı qızardaraq yeyənlər bəzi səhvlərə yol verirlər. Mütəxəssislər bildirir ki, illik adambaşına düşən balıq istehlakı 8 kiloqramdır. Halbuki sağlam həyat yaşamaq istəyənlər həftədə ən az iki dəfə balıq yeməlidirlər. Ümumiyyətlə isə, balıq sağlam və balanslı qidalanmada əhəmiyyətli yerə malikdir. Bu qidanın faydaları saymaqla bitməz. Aile.lent.az balığın çoxsaylı faydaları haqda məlumat təqdim edir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına görə, ABŞ, İspaniya, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə adambaşına ildə 20 kiloqramdan çox balıq düşür. Dünya üzrə bu rəqəm illik təxminən 16 kiloqramdır. İslandiyada istehlak edilən balıq miqdarı adambaşına 90, Yaponiyada 75, Avropa Birliyi ölkələrində 26, Səudiyyə Ərəbistanında 10, Türkiyədə isə 8 kiloqramdır.
Zəka inkişafına böyük qatqısı var
Balıq az nisbətdə yağa malik, lakin yüksək zülal qaynağı olan qidadır. Balıq ətinə 15-25 faiz zülal daxildir. Bu zülal bədəndəki toxumaların qorunması və inkişafı üçün zəruri olan bütün əsas amin turşularını ehtiva edir. Aşağı yağ tərkibi sayəsində pəhrizlərin əsas hissələrindən biridir. Balıq çəkinin sabit saxlanmasına kömək olur.
Balıq fosfor, yod, dəmir, kalsium kimi mineral duzlar və A, D, K, B qrupu vitaminlər baxımından da zəngindir. Yod uşaqların zəka inkişafında əhəmiyyətli rol oynayır, A vitamini immunitet sisteminin və gözlərin görmə xüsusiyyətinin güclənməsinə, xəstəliklərə qarşı müqavimətin artmasına, D vitamini sümüyün inkişafına, ehtiva etdiyi dəmir qan istehsalına, fosfor toxumalarının yaxşılaşmasına, dərinin parlaq, saçların canlı olmasına kömək olur.
Xüsusilə günəşdən faydalanmanın az olduğu qış mövsümündə sümük və diş sağlamlığında əhəmiyyətli yeri olan D vitamininin qarşılanmasında balıq yemək əhəmiyyətlidir. Kiçik balıqlar qılcıqları ilə birlikdə süd məhsulları kimi kalsium almağa kömək olur və sümük inkişafında faydalıdır. Balıqda digər heyvan mənşəli qidaların əksinə, doymuş yağ əvəzinə, doymamış yağ turşuları mövcuddur. Omega-3 bədənin istehsal etmədiyi və ən çox balıqda olan son dərəcə faydalı yağ turşusudur. Omega-3 yağ turşuları pis xolesterolu aşağı salır, yaxşı xolesterolu yüksəldir, ürək-damar xəstəliklərinə qarşı da qoruma təmin edir.
Türkiyəli həkim Ezgi Eylem Fadıloğlu balığın qızardılmasının kanserogen maddələrin meydana gəlməsinə və qida dəyərində azalmaya səbəb olduğunu deyir. Mümkün qədər sobada bişirmə, buğlama və qaynatma üsullarına üstünlük verilməlidir. Çiy və ya az bişmiş dəniz məhsulları mikrob baxımdan risk daşıdıqları üçün imtina edilməlidir. Qadınlar hamiləlik və əmizdirmə dövründə körpənin normal inkişafı və ananın sağlamlığı baxımından həftədə ən az 3-4 dəfə balıq yeməlidirlər”.
Saxlayarkən, bişirərkən diqqət edin
Balıq alma, saxlama, hazırlama və bişirmə qaydalarına diqqət edilmədiyi təqdirdə asanlıqla xarab olaraq, sağlamlıq baxımından riskli nəticələrə səbəb ola bilər. Balıq bol olduğu mövsümdə mümkün qədər çox yeyilməlidir. Təzə balıqlar otaq istiliyində çox saxlanmamalı, pulları və içi təmizləndikdən sonra soyuducuya qoyulmalıdır: “Bu formada soyuducuda 1-2 gün saxlanıla bilər. Dondurucuda isə 3-6 aya qədər qala bilər. Təzə balıq qoxusuzdur, boyat balıqda isə turş qoxusu olur. Balığın pullarına əlinizi sürtdükdə asanlıqla əlinizə toxunmaması, tökülməməsi lazımdır. Təzə balığın gözləri parlaq və xaricə qabarıq olur. Təzəliyini itirdikcə gözlər yoxa çıxmağa başlayır və içəri çökür. Qəlsəmələri canlı qırmızıdır. Balığın dərisi gərgin olmalı, balığa barmaqla toxunanda meydana gələn çuxurluq dərhal düzəlməlidir. Bayat balıqda isə bu iz qalır”.