Neftçala rayonunda ilk dəfə olaraq soya bitkisinin əkilib- becərilməsi həyata keçirilib. Artıq sentyabr ayının onuna qədər məhsul yığımına başlanılacaq. Quşçuluğun inkişaf etdirilməsi üçün soya bitkisi əvəzsiz məhsuldur. Son illər bu bitkiyə bütün ölkə ərazisində, habelə Neftçala rayonunda da maraq xeyli artıb. Bu ilin aprel ayında rayonun Tatarməhlə kəndində ilk dəfə olaraq 56 hektarda soya bitkisi əkilib. Hər hektara 35 kiloqram soya toxumu səpilib. Bitkilərə vaxtında aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişdirilib.
Soya digər bitkilərlə müqayisədə xeyli gəlirli hesab olunur. Bu il soya sahələrinin hər hektarından 20-25 sentner məhsul gözlənilir. Məhsulun satışına gəlincə heç bir problem olmayacaq. Artıq fermerlərlə bir sıra quşçuluq fabrikləri tərəfindən müqavilə də imzalanıb.Soya məhsulunun satışı zamanı 1 tonuna min manatdan bir qədər artıq pul ödəniləcək ki, bu da fermerlərə olduqca sərfəlidir. Necə deyərlər, fermerlər digər məhsullarla müqayisədə soya bitkisindən ikiqat gəlir əldə edə biləcəklər. Odur ki, rayonda gələn il 400 hektar sahədə soya bitkisinin əkilməsi gözlənilir.