2016-cı ilin avqust ayı Azərbaycanda kütləvi zəhərlənmələrin daha çox qeydə alındığı ay olub. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, ötən ay ərzində 3 kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, ilk kütləvi zəhərlənmə Nərimanov rayonu ərazisində qeydə alınıb: “Məhdud məsuliyyətli cəmiyyətin işçilərinə qeyri-müəyyən yerdən sifarişlə qida məhsulu gətirilib. Nəticədə 11 nəfər Sabunçu rayon Xəstəxanasına müraciət edib və onlara qida zəhərlənməsi diaqnozu ilə yardım göstərilərək evə buraxılıblar. Məsələnin araşdırılması və qida mənbəyinin müəyyən edilməsi üçün mərkəz tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət olunub”.
İ.Abdullayev qeyd edib ki, digər zəhərlənmə hadisəsi Göyçay rayonun İncə kəndində Şadlıq evində baş verib, 34 nəfər zəhərlənib. Onun sözlərinə görə, prokurorluq orqanları tərəfindən götürülmüş qida qalıqları müayinə olunub və eyni zamanda xəstələrin 3-dən qusuntu materialı götürülərək mərkəzə göndərilib. Bu qida qalıqları və qusuntu materiallarında çoxlu sayda zəhərləmə törədici mikroorqanzimlərin aşkarlandığını deyən şöbə müdiri əlavə edib ki, bunlar da birbaşa həmin adamların qidadan zəhərlənməsini təsdiq edən faktorlardır: “Onun haqqında da məlumatlar araşdırılması üçün Göyçay rayon prokurorluğuna göndərilib. Eyni zamanda İqtisadiyyat Nazirliyinə müraciət olunub ki, həmin şadlıq evində yoxlamanın aparılmasına münasibət bildirilsin”.
Mərkəz rəsmisi vurğulayıb ki, sonuncu hadisə Beyləqan rayonunda baş verib. Orada zəhərlənmə nəticəsində müraciət edənlərin sayının 77 nəfər olduğunu deyən İ.Abdullayev bildirib ki, xəstəxanaya daxil olanların 19-dan nəcis və qusuntu nümunələri, 38 nəfərdən yaxma nümunələri götürülərək Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasına göndərilib: “Müayinə olunan nümunələrin nəticələri onu deməyə əsas verir ki, burada da qida zəhərlənməsi baş verib. Bu araşdırmalardan sonra yenidən həmin şadlıq evində araşdırmaların aparılması üçün İqtisadiyyat Nazirliyinə müraciət edilib”.