Yay aylarının uzun müddət isti və quraq keçməsi nəticəsində dağlıq ərazilərdəki sel ocaqlarında artıq xeyli parçalanmış və aşınmaya hazır küllü miqdarda sel materialı yığılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya bildirib ki, fəsil dəyişərkən güclü leysan tipli yağışlar olsa, mütləq sel yaradacaq. Bu hadisənin artıq baş verdiyini deyən E. Əlizadə qeyd edib ki, bir neçə gün əvvəl Daşkəsən-Gədəbəy zonasından, dünəndən başlayaraq, Dəmiraparançaydan, Göyçaydan sel keçib: “Hazırda buna oxşar hadisələr cənub yamacın digər çaylarında – Kişçayda, Şinçayda, Kürmükçayda da baş verib. Şimal-şərq yamaclarında da artıq gursululuqdur və selin keçmə ehtimalı çox böyükdür”.
E. Əlizadə bildirib ki, sel təhlükəliliyi yay fəslindən payıza keçiddə çox güclüdür: “Dəmirparançayda turizmin inkişafı üçün çoxlu obyekt tikilib, bu, çox yaxşıdır. Amma vurğulamaq lazımdır ki, orada yamacların tarazlığı pozulur, aşınma prosesi güclənir, sel ocaqlarında fəallaşma artır. Bu da yağıntılarda sellərin yaranmasına səbəb olur. Hazırda Böyük Qafqazın cənub yamac çaylarında - Kürmükçay, Şinçay. Kişçay, Dəmiraparançay, Göyçay, Girdimançay, şimal-şərq yamacda Darçay, Qudyalçay, Vəlvələçay və Lənkəran zonası çaylarında sel keçmə ehtimalı çox böyükdür. Belə davam edərsə, sellərin baş vermə ehtimalı çox böyükdür. Əsas təhlükə Şəki-Zaqatala, Quba-Xaçmaz, qismən də Lənkəran zonasındadır”.