Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası üzrə dünən Anlaşma Memorandumu imzalanıb.
"Report" Xorvatiya KİV-inə istinadən xəbər verir ki, imzalanma avqustun 25-26-da keçirilən Dubrovnik Forumu çərçivəsində baş tutub.Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb. IAP kəmərinin Splitdən (Xorvatiya) Fierə (Albaniya) qədər uzunluğun 516 km təşkil edir. Boru kəməri ilə illik 5 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulur.
***
Mərasimdən sonra Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Panenik bildirib ki, kəmər Cənub-Şərqi Avropaya qaz nəql edəcək.
"Biz İon-Adriatik qaz kəmərinin inkişafı ilə bağlı birgə təşəbbüsü müəyyən etdik. Ümid edirik ki, bu marşrut şimal və cənub arasında əlaqə olacaq və Avropada qaz nəqli bazarının tam sərbəstləşməsi üçün zəmin ola biləcək" - deyə nazir əlavə edib.
Bosniya və Herseqovinanın xarici ticarət naziri Mirko Saroviç deyib ki, rəsmi Bosniya və Herseqovinanın əsas tələbi boru kəmərinin bir hissəsinin bu ölkədən keçməsi olub: "Ümid edirik ki, bu hissə Neum dəhlizi ilə davam edəcək".
Nazir vurğulayıb ki, ölkəsi bu regional layihəni və yaxınlaşmanı dəstəkləyir.
Albaniyanın enerji və sənaye naziri ilir Bejtja diqqətə çatdırıb ki, Dubrovnik Forumunda qaz təminatında təhlükəsizliyin vacibliyi vurğulanıb. O əlavə edib ki, mənbələri şaxələndirməklə yanaşı, bu layihə qaz tədarükünü də sabitləşdirəcək.