Millət vəkili Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim, Makedoniya siyasətində aktiv rol oynayan TMBH Genel Başkanı Erdoğan Saraç və Bolqarıstanı Avropa Parlamentində təmsil edən millət vəkili İlhan Küçüklə görüşüb. Lent.az-ın məlumatına görə, görüş və fikir mübadiləsi zamanı millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, qondarma erməni soyqırımı yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.
Azərbaycanı çox sevdiklərini deyən Enes İbrahim, Erdoğan Saraç və İlhan Küçük Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Onlar, həmçinin, Azərbaycanın da Makedoniya və Bolqarıstanda yaşayan türklərlə əməkdaşlığı daha da genişləndirəcəyinə inandığını və bu istiqamətdə böyük imkanların olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb.
Görüşün sonunda Q. Paşayeva Enes İbrahim, Erdoğan Saraça və İlhan Küçükə Azərbaycan həqiqətləri ilə bağlı materialları təqdim edib.