Azərbaycanlı kriminal avtoritet Rövşən Caniyev (Lənkəranski) qətli üzrə aparılan istintaq çərçivəsində daha iki nəfər həbs edilib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyənin cinayət-axtarış şöbəsinin apardığı istintaqla bağlı şahid dindirmələri aparılıb.
Bu zaman Rövşən Lənkəranskinin yaxın adamlarından hesab edilən və hadisə günü onun yanında olan iş adamı Tahir C. şahid qismində polisə çağırılsa da, dindirilmədən sonra o saxlanılıb.
Ondan başqa polisə çağırılan digər şahid Hacıbaba adlı şəxsin də barəsində həbs qərarı çıxarılıb.
Dindirilmə vaxtı Hacıbaba T-nin şübhəli şəxs kimi axtarışda olduğu, onun 2013-cü il avqustun 18-də İstanbulda öldürülən “Qoca” ləqəbli kriminal avtoritet Əli Həmidovu qətlə yetirdiyi bilinib. Hacıbabanın Rusiyada 5 qətl hadisəsinin də iştirakçısı olduğu müəyyən edilib.
Bundan başqa Rövşən Canıyevin öldürülməsi ilə bağlı digər kriminal aləmin üzvləri bildirilən Laşi Ş, Yuri P, Vasili H. və Nadir S. adlı şəxslərlə bağlı araşdırmalar davam etdirilir.