Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində prezident İlham Əliyevin Milix İlxananoviç Yevdayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən ordenin təqdimetmə mərasimi keçirilib. Bu barədə virtualaz.org saytına komitədən məlumat veriblər.
Xəbərdə deyilir ki, tədbirdə Milli Məclisin deputatı Yevda Abramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Azərbaycanın baş müftisi Hacı Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri iştirak ediblər.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Milix Yevdayevin Azərbaycanın multikultural, tolerant ənənələrin qorunması istiqamətindəki xidmətləri olub.
Tədbirdə deyilib ki, pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi Azərbaycanın mədəni irsinin tərkib hissəsidir.
“Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi var. Ölkədə həmişə yəhudilərə doğma münasibət olub və həmin münasibət bu gün də davam edir. Digər konfessiyalar kimi, yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər”, - deyə Milix Yevdayev söyləyib.