Ölkədə dollar günü-gündən bahalaşır
Bir çox məhsulların da qiymətində artımlar müşahidə olunmaqdadır. Yeyinti məhsullarının qiymətində təklifin tələbi üstələdiyi ortadadır. Dolların bahalaşması yerli məhsulların satışında da bahalaşmaya səbəb olub. Adalet.az-a daxil olan məlumata görə vətəndaşlar arasında manatı dollara çevirmək istəyənlərin sayında da artım var, lakin bəzi banklar artıq buna limit qoyub. Bu ilin sonunadək Azərbaycanda 3-cü devalvasiya olacağı da gözlənilir. Bunu ekspertlər deyir. Hətta peşəkar mütəxəssislər hələ ilin əvvəlində bir neçə bankın devalvasiya şəraitinə qurban gedəcəyi barədə proqnozlar da vermişdi. Bunlar öz reallığına qovuşub. Bu yaxınlarda 3 bankın fəaliyyətini donduruldu. Ekspertlərin bu qənaəti doğru çıxdı, növbədə 3-cü devalvasiyanın bu ilin sonuna kimi olacağı da demək ki, qaçılmazdır. Mərkəzi Bankın açıqlamasına görə isə bu barədə yayılan şayiələrin əsası yoxdur. Bankın sədri Elman Rüstəmov son zamanlar Azərbaycan manatının xarici valyutalar qarşısında möhkəmləndiyini bildirib. Digər tərəfdən, neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxıldığını deyən sədr neftin qiymətinin stabil qaldığını qeyd edib. Hər halda ölkə gündəmində devalvasiyanın sonuncu dəfə fevral ayında olduğunu və bir daha bunun təkrar olunmayacağı barədə fikirlər də səslənirdi. Hələ ilin əvvəlində bu yana davam edən nisbi sabitlik maliyyə bazarında ikitərəfli inanclar yaradır. Bank sisteminin zəifləməsi və ARDNF-ın bankalara tez-tez dollar satması və həmçinin neftin qiymət tərəddüdü də devalvasiya təlatümün əks etdirən faktorlardır. Hazırkı şəraitdə də bankların bir çoxunun fəaliyyəti sual altındadır. Ekspertlər hesab edir ki, Xarici borclanmaya gedilmədiyi halda bu proses baş verə bilər.Qeyd edək ki, qarşıdakı illərdə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb. Hökumət açıqlamasında qarşıdakı 4 ildə Azərbaycan manatının dollar və avroya nisbətdə orta illik məzənnəsinin sabit qalacağını bildirib. Amma bu proqnozlar ölkədə iqtisadi prosesləri izləyən bəzi beynəlxalq maliyyə qurumlarının fikirləri ilə heç də üst-üstə düşmür. Məsələn, Asiya İnkişaf Bankı hesab edir ki, Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin ucuzlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər. "Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin ucuzlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər, əgər indiki trend qarşıdakı aylarda da davam edərsə". Bu, Asiya İnkişaf Bankının gözləntisidir. Bankın "Asian Development Outlook 2015 Update" adlı hesabatında bildirilir ki, Azərbaycanın bank sektorundakı dollarlaşma ən çox narahatlıq doğuran amildir. Ekspertlərin bildirdiyinə görə isə manatın məzənnəsi dünya bazarlarındakı neftin qiymətindən birbaşa asılıdır. Maliyyə Nazirliyinin pessimist ssenarisində olduğu kimi neftin dünya bazarlarındakı qiymətinin 40 dollar olması birmənalı şəkildə manata təzyiqi artırır və milli valyutanın dəyərsizləşməsinə gətirib çıxarır. Azərbaycanda "üzən məzənnə" rejiminin tətbiqi heç də yaxşı hal deyildi. Hökumət və Mərkəzi Bank tərəfindən lazımi tədbirlər görülməzsə, 3-cü devalvasiya qaçılmaz olacaq. Ötən ilin 21 dekabrında baş verən devalvasiya həddindən artıq böyük faizlə ifadə olundu. Ümumilikdə manatın məzənnəsi son iki ildə iki dəfə aşağı düşüb. Neftin qiymətinin aşağı həddə qalması 3-cü devalvasiyanı gündəmə gətirir. Neftin qiymətinin aşağı düşməsi fonunda son bir ildə ölkəyə daxil olan valyutanın həcmi də 3 dəfə azalıb. "Üzən məzənnə" rejiminə keçməsinə baxmayaraq, Mərkəzi Bank hər gün bazardadır. Mərkəzi Bankın bazarda olması və daim dollar təklif etməsi ondan xəbər verir ki, "üzən məzənnə" rejimini tam olaraq tətbiq etmək mümkün deyil. Bu isə dollara tələbin yüksəlməsilə bağlıdır. Devalvasiya bütünlükdə ölkə iqtisadiyyatına zərbə vurur. Buna baxmayaraq, Mərkəzi Bank devalvasiya ilə az dollarla çox həcmdə manatı dövriyyədən çıxarır. Məsələn, 21 fevral devalvasiyasından sonra Mərkəzi Bank 1 milyon dollar müqabilində 1 milyon 50 min manat götürürdüsə, hazırda bazara 1 milyon dollar təklif edəndə 1 milyon 600 mindən artıq manat çıxarır. Bu da təbii ki, Mərkəzi Banka dollarlaşma və daha çox manatın bazardan çıxarılması üçün əlverişlidir. Amma devalvasiya dollara tələbi artırır və Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Dövlət Neft Fondunun gəlirləri dollar, ödənişləri manatladır, devalvasiya fonda qənaət edilməsinə imkan yaradır. Bütün hallarda devalvasiya arzuolunan deyil, amma valyuta azaldıqca devalvasiya qaçılmaz hal alır".
Əgər 3-cü devalvasiya baş versə...
İqtisadçılar üçüncü devalvasiyanın Azərbaycanda bank sistemini tamamilə çökdürəcəyini bildirib: "Manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınması ilə bağlı Mərkəzi Bankın son addımı Bakıda və eləcə də rayonlarda uzun illərdən sonra yenidən "qara bazar" formalaşdırdı. Üzən valyuta siyasətinə keçdiyini bəyan edərək devalvasiyaya gedən Mərkəzi Bankın manatı kəskin dəyərsizləşdirməsi milli valyutaya olan inamın tamamilə sarsılmasına səbəb olub. Vətəndaşlar manatın yeni və daha kəskin devalvasiyasından ehtiyatlanaraq əllərindəki pullarını kütləvi şəkildə dollara dəyişməyə çalışırlar. Bakıda heç də bütün valyutadəyişmə məntəqələri işlərini bərpa etməyib. Mərkəzi Bankın intervensiya xərcləri göstərir ki, ikinci devalvasiya dollara olan tələbi azaltmayıb. Üçüncü devalvasiyanın baş verməsi isə yumşaq desək, bank sektorunun çökməsinə gətirib çıxara bilər. İndiki halda ən məqbul yol xarici borclanmağa getməklə Mərkəzi Bankın dollara tələbini qarşılamaq və manatın siterilizasiyası hesabına dollarlaşma prosesini başa çatdırmaqdır". Ekspertlər hesab edir ki, növbəti devalvasiyadan qaçmaq üçün mütləq xarici borclanmaya gedilməlidir: "Nəzərə alaq ki, hazırda Azərbaycanın xarici borcu 6,7 milyard dollardır. Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 19 faizini təşkil edir. Ölkənin əlavə olaraq 10 milyard dollara yaxın borc cəlb etmək limiti var. Paralel olaraq islahatların sürətlənməsi, qeyri-neft sektorunun ixrac potensialının artırılması vacibdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının 3 milyarda düşdüyünü nəzərə alsaq, xarici borclanmaya gedilmədiyi halda 3-cü devalvasiya baş verəcək. Devalvasiyanın hansı faizdə olacağını söyləmək isə çətindir. Çünki devalvasiya faizini Mərkəzi Bank müəyyənləşdirir. Amma növbəti devalvasiya banklar və biznes üçün heç bir halda arzuolunan deyil. Bu, bank fəaliyyəti və biznes imkanlarını daraldacaq. Ona görə də Mərkəzi Bank və hökumət qeyd edilən variantlardan istifadə edərək 3-cü devalvasiyanın qarşısını ala bilər".
Dolların manatı daha da üstələyəcəyi barədə pessimist devalvasiya açıqlamaları verən ekspertlər bunun qarşısını almaq üçün dövlət maliyyə orqanlarına müxtəlif təkliflər irəli sürdüyü məlumdur. Lakin vəziyyətin heç də acınacaqlı olmadığını vurğulayan millət vəkili Vahid Əhmədovun fikrincə, son günlərdə Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan siyasi böhran da neftin qiymətinə önəmli təsir göstərməyəcək.
Milli valyutamızın dəyəri ilə bağlı məsələyə gəldikdə, V.Əhmədov bildirdi ki, artıq 2015-ci ildə iki dəfə devalvasiya baş verib və üçüncü devalvasiya birbaşa neftdən asılıdır: "Yəni neftin qiymətində enmələr baş verərsə, devalvasiya mümkündür. Yox əgər neftin qiymətində azalmalar olmasa, artmalar olarsa, ola bilər devalvasiya olmasın".
İqtisadçı ekspert Vüqar Bayramov isə deyib ki, neftin bazar qiyməti birbaşa dünya bazarına çıxarılan neftin həcmindən asılıdır: "Nəzərə alsaq ki, gündəlik istehlak 94 milyon bareldir, amma dünya bazarına hər gün 97 milyon bareldən artıq neft çıxarılır. Neft 40 dollardan aşağı olduqda Maliyyə Nazirliyinin hazırladığı pessimist ssenari üzrə hökumət öz fəaliyyətini qurmalıdır".
Ekspertin sözlərinə görə, 2016-cı ildə dünya bazarında neftin qiyməti 40 dollar və daha az olarsa, bu, tədiyyə balansına təsir göstərəcək: "Bu, Mərkəzi Bankın yenidən 2016-cı ildə devalvasiyaya gedəcəyindən xəbər verir. Çünki Mərkəzi Bankın rezervləri də artıq 1 milyard dollara qədər azalıb. Amma hansı hallarda Mərkəzi Bank, bütövlükdə hökumət devalvasiyadan yayına bilər? Nəzərə alsaq ki, ölkənin xarici borcu hazırda 7,6 milyard dollardır, bu, ümumi daxili məhsulun 20 faizi deməkdir. Bu baxımdan hazırda mövcud borc sistemini nəzərə alsaq, Azərbaycan hökumətinin əlavə 10 milyard dollar borc alma imkanları var".
V.Bayramov hesab edir ki, bu addım imkan verəcək ki, cari tələbi xarici borclar hesabına ödəmək mümkün olsun: "Hansı ki, bir sıra inkişaf etməkdə olan ölkələr bu praktikadan istifadə ediblər. Eyni zamanda, xarici borclar cari tələbi ödəyəcək. Bu da imkan verəcək ki, devalvasiyadan qaçmaq mümkün olsun və ölkədə olan valyutanın həcmini artırmaq mümkün olsun. Eyni zamanda, xüsusən xarici ticarət daxil olmaqla, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması ilə nəticələnən geniş islahatların aparılmasına ehtiyac var. Çünki islahatlar strateji baxımdan ölkəyə valyutanın daxil olmasına imkan yaradacaq. Xüsusən monopoliyanın aradan qaldırılması imkan verəcək ki, ölkəyə daxil olan idxal məhsullarının qiymətlərində azalmalar olsun. Qiymətlər aşağı düşsün. Bu həm də kiçik və orta sahibkarlığın inkişafını stimmullaşdıracaq".
İqtisadçı Ekspert Nazim Bəydəmirli bildirib ki, bankların ABŞ dollarının satışını məhdudlaşdırmaları bu valyutaya olan tələbatın artmasının göstəricisidir:
“Mərkəzi Bankdan sonra Neft Fondunun da valyuta hərracına çıxardığı vəsait tələbatı ödəmədiyindən, belə vəziyyət yaranır. Eyni zamanda, əhali də manatın ucuzlaşmasından sığortalanmaq üçün əlində olan manatı dollara çevirməyi lazım bilir. Dollar qıtlığını sadəcə, idxal əməliyyatları ilə bağlamaq doğru olmazdı. Etiraf edək ki, ümumiyyətlə, ölkədən kapital axını sürətlənib. Bu da son nəticədə valyuta bazarında gərginliyə gətirib çıxarır”.
Nazim Bəydəmirli Elman Rüstəmovun devalvasiyanın olmayacağı ilə bağlı fkirlərinə də münasibər bildirib: Devalvasiya dedikdə Elman Rüstəmov 2-3 dəfə manatın ucuzlaşmasını nəzərdə tutursa bu fikirlə razılaşmaq olar. Ancaq manatın dollara nisbətən dəyər itirməsi qaçılmazdır”.
Qeyd edək ki, 2015-ci il dekabrın 21-dən Mərkəzi Bank üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bu qərardan sonra dolların manata qarşı rəsmi məzənnəsi 1,62 manat səviyyəsində qərarlaşıb.
Rüfət Soltan