Əti “dad”a gətirən qiymət

Əti “dad”a gətirən qiymət backend

Ətin bahalaşmçası əhgalini getdikcə anrahatçıllıq yaratmağa başlayıb. Bazarlarda mal ətinin bir kiloqramı 8 manat, quzu əti isə 10 manata kimi qalxıb. Ət bazarında bu ajiotajın səbəbləri ekspertləri çox düşündürür. Bəziləri bunun yem bazasında bahalaşma ilə əlaqələndirsələrdə rəsmi qurum nümayəndələri bunun tələb təkliflə də bağlı olduğunu bildirirlər.


Ölkənin ən iri bazar olan Bərdə mal bazarında diri heyvanın çəkisi 7 manatdan aşağı hesablanmır. Mal sahibləri mal-qaranın qiymətində artımın olmasını heyvan yemlərinin (çiyid, jımıx, arpa və s.) bahalaşması ilə əlaqələndirir.

Satıcılar iddia edirlər ki, ot qıtlığı da var və bu da heyvanların bahalaşmasına səbəb olur. Ənənəvi olaraq yay aylarında mal ətinə tələbatın azaldığını deyən satıcılar bu faktın qiymətin ucuzlaşmasına səbəb olmadığını deyirlər.

İqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədə yazıb ki, ət bazarında qiymət bahalaşması ilk növbədə restoranlarda və kafelərdə ətli yeməklərin qiymətini bahalaşdıracaq: “Təəssüflər olsun ki, hələ də daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir. Müşahidələr göstərir ki, Rusiyadan ucuz qiymətə alınaraq gətirilən iri buynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra bazarlarda alıcılara təklif olunur. Hazırda isə ölkədə davamlı devalvasiya və rus rublunun dəyərinin son zamanlar möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətini artırır. Odur ki, hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsi getdikcə sərfəsiz biznesə çevrilir. Bunu xarici ticarət statistikasında həmin mal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir. Belə ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə idxal olunan diri heayvanların dəyəri 57,1 faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb.
Mal ətinin qiymətinin bahalaşması digər ət bazarlarında, o sıradan qoyun əti, quş əti, həmçinin balığın qiymətində də artırıcı təsirə malik olacaq. Xüsusilə də nəzərə alsaq təxminən ay yarımdan sonra Qurban bayramı gəlir, o halda da qoyun ətinə artan tələbatın onun qiymətini də bahalaşdıracağına şübhə qalmır”-deyə ekspert vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, ətin qiymətində ciddi bahalaşma müşahidə edilmir. "Mal əti hər yerdə 7-8 manata, quzu əti isə 8-9 manata alıcılara təklif olunur"-deyə nazirlik rəsmisi vurğulayıb. M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cüzi artım ola bilər. Bu da bazarda tələb və təkliflə bağlıdır: "Amma bizə rəsmi şəkildə ətin qiymətinin artması haqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təkliflə bağlı olaraq bazarlarda ətin qiymətində cüzi qiymət artımı ola bilər". M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarının bahalaşmasının heç bir təsiri yoxdur. Lakin fakt odur ki, ətin qiymətində 50 qəpik - 1 manat arası bahalaşma hiss olunur.
kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovda öz şərhlərini bizimlə bölüşüb. O bildirir ki, bu gün ölkədə heyvandarlıq sahəsində vəziyyət olduqca gərgindir:
“Bu il örüş sahələrinin çox hissəsini pambıq əkininə ayırıblar. Həmin sahələrdə əkin işləri aparılır. Bu da fermerlərin, kəndlilərin həmin mal-qaranı saxlamaq imkanlarını məhdudlaşdırıb. Örüş sahələrinin dövriyyədən çıxarılaraq pambıq əkininə sərf olunması vəziyyəti olduqca gərginləşdirib.


Fermerlərin böyük əksəriyyəti mal-qaranı kəsimə verir. Bu da mal-qaranın baş sayının ciddi şəkildə azalmasına gətirib çıxarır. Həmçinin, yem olmadığı üçün mal-qaranı kökəltmək, ət istehsalını artırmaq məhdudlaşıb. Əkinin strukturunun dəyişdirilməsi, biçənək və örüş sahələrinin dövriyyədən çıxarılması heyvandarlığa ciddi şəkildə mənfi təsir edib. Yerlərdə olarkən heyvanların fiziki durumu ilə bağlı apardığımız müşahidələrimizdə kifayət qədər xəstə, arıq heyvanları gördük. Səbəb isə heyvanların normal qidalanmamasıdır”.

Acınacaqlı vəziyyətdir, həmdə bu bahalaşma tendensiaysının davam edəcəyi də şərhçilər tərəfindən qeyd olunur. Ekspert təəssüflə yaxın dövr üçün ətin qiymətinin artımının davam edəcəyini deyib: “Süd istehsalı azalacaq, heyvandarlıqda xəstəliklərin genişlənməsi və bu səbəbdən onların tələf olmasının şahidi olacağıq”.

V.Məhərrəmov xüsusilə qoyun deyil, mal ətinin bahalaşma səbəbini belə izah edib:

“Qoyunları nisbətən uzaq məsafəyə aparmaq mümkündür. Ancaq mal-qaranı uzaq məsafəyə aparmaq mümkün deyil. Əsasən yaşayış yerinə yaxın örüş sahələrinin pambıq üçün ayrılması problemi daha da qabardıb”.

Mütəxəssis çıxış yolu kimi yem bazasının möhkəmləndirilməsini göstərib:

“Əvvəlcədən təklif edirdik ki, yem bazası yaratmaq, daha sonra örüş sahələrini əkin üçün ayırmaq lazımdır. Dəqiq hesablama aparılmalı idi. Onsuz da mal-qaranın payına düşən örüş sahələri az idi. Bizim ölkədə hər heyvanın payına düşən örüş sahəsi digərlərilə müqayisədə 4 dəfə azdır.

Bu halda örüş sahəsini əkin üçün ayırmaq ciddi problemlərə yol açıb. Bu problemlər isə hələ uzun müddət həll olunacağa oxşamır. İndiki halda xaricdən nisbətən ucuz heyvan gətirilməsinə çalışmaq lazımdır. Amma bunun da mümkün olacağına inanmıram. Azərbaycan valyutası dəyərdən düşüb və alış dollarla həyata keçirildiyindən manatla satış qiymətə təsir göstərəcək.

İndi Azərbaycanda heyvandarlıq çox çətin durumdadır. Tədbirləri vaxtında görmək lazım idi. İndi həm də yem yoxdur. Yem olmadığı üçün istehsal olunan məhsulun həcmi az, maya dəyəri yüksəkdir. Digər tərəfdən alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Qiymət bahalaşması alıcılıq qabiliyyətini aşağı saldığı üçün ətin satışı və dövriyyəsi də çox azalıb”.

Hər halda görünənlər onu izah edir ki, nazirlik də qiymət artımının mövcudluğunu inkar etmir. Əsas faktor kimi yem bazasında da qiymət artımın olması göstərilir.

Rüfət Soltan

Diaspora