Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində ilk dəfə bir səfir tutulub. "Milliyet"in verdiyi məlumata görə, Tuncay Babalı bu gün Ankara prokurorluğunun təlimatı əsasında paytaxt polisi tərəfindən saxlanılıb.
Xəbərdə bildirilib ki, diplomat FETÖ-nun təlimatları çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinə məmur işə götürülməsi və onların vəzifələrə təyin edilməsində təqsirləndirilir.Qeyd edək ki, T.Babalı dövlət çevrilişi cəhdindən sonra səfir Gürcan Balıkla birlikdə Türkiyə XİN-dəki vəzifələrindən uzaqlaşdırılmışdı. O, sabiq prezident Əhməd Necdət Sezərin xüsusi katibinin müavini işləyib. Eyni zamanda, T.Babalı Türkiyənin Kanadadakı səfiri olub.