“Son günlər KİV-də Azərbaycan Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli sərəncamı və eyni tarixli 307 və 308 saylı qərarları ilə əlaqədar müəyyən anlaşılmazlıqlara səbəb ola biləcək müxtəlif şərhlər və açıqlamalar yayımlandığı üçün bu məsələlərə aydınlıq gətirilməsinə zərurət yaranıb”.
Qaziler.az xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) açıqlamasında qeyd olunub.Qeyd edək ki, adıçəkilən sənədlər SOCAR-ın müraciəti əsasında Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində həyata keçirilən modernizasiya proqramı çərçivəsində zavodun təmirə dayanması ilə əlaqədar qəbul edilib.
Adətən 25-30 təqvim günü ərzində davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınıb.
“Təmirdən əvvəl H.Əliyev adına NEZ-də istehsal olunan “Aİ-92” markalı benzin ölkənin daxili tələbatını tam ödəyir və müəyyən ehtiyat yaranmasına da imkan verirdi. Avqust ayının 16-a olan məlumata əsasən, ölkə üzrə orta günlük istehlak 3900 ton təşkil edib və bütün bu həcm yaranmış ehtiyat hesabına ödənilib.
Hazırda 8-10 günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyatın bazar tələbatını ödəyə bilməyəcəyi nəzərə alınaraq, SOCAR Nazirlər Kabinetinə daxili bazardakı tələbatı təmin etmək üçün idxal olunacaq “Aİ-92” markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraciət edib.
Xahişimiz NEZ-in təmiri dövründə SOCAR-ın maliyyə itkilərinin minimallaşdırılması məqsədi daşıyıb. Çünki daxili bazarda benzinin qiyməti dövlət tərəfindən tənzimlənir və bu qiymətlər sabit qalacaq”, - deyə şirkətdən qeyd olunub.
Bildirilib ki, idxal olunan benizinin qiyməti isə neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq gündəlik dəyişir. Beləliklə, Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli sərəncamı və göstərilən qərarları daxili bazarda sabitliyin qorunmasına və yanacaq təchizatında problem yaranmamasına xidmət edir.
Yaxın 3-4 gün ərzində 4000 ton həcmində idxal benzini ölkəyə gətiriləcək. H.Əliyev adına NEZ-də istehsalat prosesi bərpa olunana qədər bu iş davam etdiriləcək və ölkəyə benzin idxalı həyata keçiriləcək. Zavod işə düşdükdən sonra isə idxal dayandırılacaq.