"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd infrastrukturu yaradılıb".
"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev deyib.O qeyd edib ki, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunub, Azərbaycan Sərhəd Mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə icra etməyə qadir olan qurum səviyyəsinə yüksəlib: "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi imkanlarının gücləndirilməsi, dəniz kampaniyasına “Tufan” və “Şahdağ” tipli ən müasir gəmilərin qəbul olunması, dövlət sərhədlərinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi bu ilin qürurverici hadisələrindəndir".
E.Quliyev bildirib ki, Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, bütün hərbi hissə və bölmələrdə müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsini, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni silah-sursat, texnika və vasitələrin alınaraq xidmətdə tətbiqini müvəffəqiyyətlə həyata keçirir və Azərbaycan sərhədlərinin toxunulmazlığını təmin etməklə, dövləti maraqlara sədaqətlə xidmət edir.