Cahangir Hacıyev Samir Şərifovu məhkəməyə çağırdı: “Gəlib ifadə versin”

Cahangir Hacıyev Samir Şərifovu məhkəməyə çağırdı: “Gəlib ifadə versin” backend

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Lahicov müdafiə etdikləri şəxs barəsindəki cinayət işinə xitam verilməsi, barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun şüşə kabinədən çıxarılaraq vəkillərinin yanında oturmağına icazə verilməsi və maliyyə naziri Samir Şərifovun şahid qismində dindirilməsini istəyib.

Məhkəmədə Cahangir Hacıyev çıxış edib. O bildirib ki, ona cinayət işi açılanda xaricdə olub: "Bircə zəng gəldi, tez-bazar ölkəyə qayıtdım. Nə vaxt istintaqa çağırılmışam, özüm getmişəm. Mən hüquqşunas deyiləm. 2001-ci ildə Beynəlxalq Bank İdarə heyətinin rəhbəri olmuşam. 11- dəfə istintaqa ifadə vermişəm. Dekabrın 4-də barəmdə həbs qərarı çıxarıldı. 38 gün "Bantondel"də qanunsuz saxlanmışam. Əgər mənim bir günahım olsaydı, ölkəyə qayıtmazdım. Yanımda oturan və digər təqsirləndirilən şəxslərlə birlikdə işləmişik. Gördüyümüz işdə heç bir problem olmayıb. İstintaq yanlış aparılıb. 49 fiziki şəxsə kreditlərin hansı yolla ayrılması ilə bağlı sənədlər tərəfimizdən təqdim edilib”.

Cahangir Hacıyev bildirib ki, Beynəlxalq Bankın audit komissiyasının bütün əməkdaşları Maliyyə Nazirliyinin işçiləridir: "Onlar bankda oturub qol çəkirdilər”.

Beynəlxalq bankın sabiq sədri çıxışında maliyyə naziri Samir Şərifovun məhkəməyə gəlib ifadə verməli olduğunu bildirib: “Samir Şərifov gəlib ifadə verməlidir. Hətta özü burada, mənim yanımda əyləşməlidir. Ölkədə 2 milyon adamım kredit borcu var. Onda gərək bank sistemini ləğv edib, kredit verənləri tutsunlar".

Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərin təmin olunmamasını istəyib.

Məhkəmə prosesi nahardan sonra davam edəcək.

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.
Diaspora