Bakı şəhərinin inzibati ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ümumi hadisələrin yarıdan çoxunu piyadavurmalar təşkil edir. Bunu Milli.az-a DİN-in Bakı Şəhər BPİ DYPİ-nin İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.
Bölmə rəisi qeyd edib ki, ötən müddət ərzində sürət həddinin aşılması nəticəsində baş verən qəzaların sayı 42 faizə enibsə, piyadavurma hadisələrinin sayı artaraq 57 faizə çatıb:"Qeyd edim ki, əvvəllər, piyadavurma ümumi hadisələrin təxminən 50-51 faizini təşkil edirdi. Aparılan təhlillər göstərir ki, bu il yol hərəkəti qaydalarının daha çox məhz piyadalar tərəfindən pozulduğu qeydə alınıb. Qanun və qaydalara hörmət etməyən, yollarda özbaşınalıq edən piyadaların çoxluğu faktı təkcə yol polislərində deyil, bütövlükdə cəmiyyətdə böyük narahatlıq doğurmalı və hamını düşündürməlidir".
V.Əsədovun fikrincə, belə bir statistika, bu sahədə təcili şəkildə zəruri tədbirlərin görülməsinə zəmin yaradır:
"Paytaxtın inzibati ərazisində yeraltı və yerüstü keçidləri, yaxud səkiləri nəzarətə götürülüb, yol polisləri tərəfindən bu məsələyə diqqət artırılıb. Təkcə son bir həftə ərzində 3574, ondan əvvəlki həftə isə 3841 piyada yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub. Ümumilikdə isə ilin əvvəlindən piyadalar barəsində 89 minə yaxın inzibati protokol tərtib edilib".