Dünya bazarında neftin qiymətində baş verən tərddüt potensialı manatın da dəyərinə təmas edir. sual olunur ki, bu qiymət artımı davamlı olacaqmı, və neftin qiymətinin yüksəlməsi özünü manatın məzənnəsində necə təcəssüm etdirəcək və ya etdirəcəkmi?
Beynəlxalq Enerji Aganetliyinin hesabatından sonra (hesabatda 2016-cı ildə və 2017-ci illə bağlı gündəlik tələbin artacağı, OPEK-in bazara çıxardığı neftin həcminin 2016-cı ildə dəyişməyəcəyi, gələn il isə az da olsa azalacağı proqnozlaşdırılır) neftin qiyməti artmağa başlayıb”.Qaziler.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qalib Toğrul bildirib.
"Qiymətdəki artımlar Rusiya, Venesuela və Səudiyyə Ərəbistanını apreldəki kimi oxşar bəyanatlar verməyə həvəsləndirib. Hər 3 ölkənin yüksək rütbəliləri (prezident və baş nazir səviyyəsində) neftin təklifinin tənzimlənməsi ilə bağlı müzakirələrin yenidən başlanmasını istisna etməyiblər. Bu amilin də bazara qısamüddətli psixoloji təzyiqi qaçılmazdır.
Ancaq ortamüddətli dövrdə qiymətin artacağına əksər ekspertlər ümidsiz yanaşır. Çünki ABŞ-ın yüksək neft ehtiyatları neftin qiymətini daimi təzyiqdə saxlayır. OPEK-in bazara çıxardığı neftin həcminin əhəmiyyətli şəkildə azaldılması ilə bağlı razılaşmaların olacağı isə inandırıcı görünmür. İran iyulda gündəlik neft hasilatını əvvəlki 3 aydakı 3,45 milyon göstəricisinə qarşı 3,63 milyon barelə çatdırıb. Bu barədə OPEK-in son hesabatında məlumat verilir.
Göründüyü kimi İran gündəlik hasilatı sanksiyalardan öncəki 4 milyon barelə çatdırmağa qərarlıdır. Hazırkı dövrdə qiymətlərin artımı ilə bağlı istənilən addım İranın xeyrinə işləyəcək.
OPEK ölkələrinin hasilatı dondurması real görünmür, onlar hətta indiki halda belə kartelin bazardakı payının azalmasından çox narahatdırlar. ABŞ-ın neft hasilatını artırması ilə bağlı faktor da qiymətlərin yüksəlməsinə və OPEK-in razılaşmasına neqativ təsir göstərən amillərdəndir.
Bu şərtlər daxilində ilin sonuna kimi neftin qiymətinin kəskin yüksəlişi gözlənilmir. İndiki qiymət artımının da uzun sürməyəcəyi proqnozlaşdırılır. Proqnozlara inansaq ki, bir barelin orta qiyməti bu ilin 3-cü rübündə 45 dollar, 4-cü rübündə isə 40 dollar olacaq.
Qiymətlərin hazırkı yüksəlişi manatın dollara nəzərən möhkəmlənməsini az şərtləndirir. Neftin qiymətindəki 5-6 dollarlıq dayanıqsız yüksəlişin Azərbaycanda manatı möhkəmləndirəcəyi real deyil.
Rusiya kimi ölkələrdə belə eniş və yüksəlmələr milli valyutanın kursunda kiçik də olsa dəyişikliklərə yol açsa da, Azərbaycanın milli valyutasının tam olaraq üzən kursa keçməməsi və qonşu ölkə ilə müqayisədə kiçik neft istehsalçısı olmağımız yaxın dövrdə manatın kursunda əhəmiyyətli müsbət dəyişikliyin olmasını istisna edir”,- deyə ekspert sözlərinə əlavə edib.
İqtisadçı ekspert Qubad İbadoğlu isə deyib ki, Son günlər neftin ucuzlaşması və rus rublunun qiymətinin aşağı düşməsinin manata hansı formada təsir edəcək, çox şey Mərkəzi Bankdan asılıdır:
"Manatın məzənnəsi ilə bağlı təhlükə gözlənilmir. Ancaq yenə də çox şey Mərkəzi Bankın yeni iqtisadi və maliyyə rejimində valyuta bazarını təznimləmək üçün hansı alətlərdən istifadə etməsindən asılıdır. Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının neqativ təsirləri sırasında bəzi ölkələrdə milli valyutaların dəyərdən düşməsi müşahidə olunmaqdadır. Bunun bariz nümunəsini rus rublunun timsalında görmək olar. Azərbaycan manatının taleyi bu baxımdan bəzi dairələrdə narahatlıq yaratmaqdadır. Bunun başlıca səbəblərindən biri manatın məzənnəsinin təsbit edilmiş məzənnə rejimində idarə olunmasıdır. Təsbit edilmiş məzənnə rejimi dedikdə ölkənin milli valyutasının sərbəst dönərli xarici valyutaya qarşı inzibati müdaxilələrlə dəyişməz saxlanılması nəzərdə tutulur. Yəni, məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır, bir sözlə, daimi olaraq valyuta bazarına müdaxilə edir. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir. Statistik məlumatlara görə, Mərkəzi Bank valyuta sterilizasiyası əməliyyatı üzrə müdaxilələr etməklə bazarda 2010-cu ildə 1.385, 2011-ci ildə 4.153, 2012-ci ildə 1.584, 2013-cü ildə 2.457, 2014-cü ilin 9 ayında isə 1.204 milyard dollarlıq alışlar həyata keçirib”.
Ekspert hazırda və yaxın gələcəkdə baş verə biləcəklər barədə də şərh verib:
"Fikrimizcə, manatın məzənnəsinin ucuzlaşması ilə bağlı risklər ölkənin ixracatdan valyuta gəlirlərinin azaldığı, real effektiv valyuta məzənnəsinin özünün tarazlıq səviyyəsində olmadığı, tədiyə balansının kəsirinin mövcudluğu şəraitində fəallaşa bilər. Son statistik məlumatlara görə, xam neftin dünya bazarında qiymətinin ucuzlaşması müşahidə olunsa da, ölkənin tədiyə balansında profisit qeydə alınıb. Bu isə o deməkdir ki, hazırda valyuta bazarında təklif tələbi üstələyir. Bu şəraitdə Mərkəzi Bank məzənnənin möhkəmlənməsinin qarşısını almaq üçün bazarda əksinə, xarici valyuta alışını həyata keçirir. Odur ki, yaxın gələcəkdə təzyiqlər artsa da, manatın məzənnəsi ilə bağlı təhlükələr gözlənilmir. Amma yenə də çox şey Mərkəzi Bankın yeni iqtisadi və maliyyə rejimində valyuta bazarını tənzimləmək üçün hansı alətlərdən istifadə etməsindən asılıdır”.
Rüfət Soltan