Türkiyədə FETÖ basqını: Azərbaycanda fəaliyyət göstərən “Akfa Holding” hədəfdə

Türkiyədə FETÖ basqını: Azərbaycanda fəaliyyət göstərən “Akfa Holding” hədəfdə backend

İstanbulda polis Fətullah Gülənin Terror Örgütü (FETÖ) ilə əlaqəli 44 şirkətin ofisində axtarışlara başlayıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onların arasında Azərbaycanda da uzun müddətdir fəaliyyət göstərən “Akfa Holding” də yer alır. Bildirilir ki, polislərin əllərində FETÖ-yə maliyyə dəstəyi verməkdə şübhəli bilinən 126 iş adamının həbsi barədə order var. Həbs orderi çıxarılanlardan biri də “Akfa Holding”in idarə heyətinin rəhbəri Fatih Aktaşdır.

Fatih Aktaş və onun holdinqinin adı bundan əvvəl də Fətullah Gülənlə hallanıb. “Akfa Holding” Fətullah Gülənin şəbəkəsinə bağlı şirkətlərdən biri kimi göstərilir. Bir müddət əvvəl Gülənə bağlı “Bank Asya” likvidlik problem ilə üzləşəndə Fatih Aktaş işə qarışıb və iddialara görə banka 120 milyon TL yerləşdirib.

“Akfa Holding”in saytında yer alan məlumatda deyilir ki, şirkət Türkmənistan, Azərbaycan, Rusiya, Liviya, Qətər və Türkiyədə öz sahəsinin qabaqcıl layihələrini həyata keçirib. Şirkət texnologiya və elektromexanika sahəsində podratçı xidmətlər göstərir. Bura ağıllı rəqəmsal xəstəxanaların qurulması, elektromexanika sistemləri, hava limanı və təyyarələrə texniki servis mərkəzlərinin avtomatik idarə etmə sistemləri, electron təhlükəsizlik sistemlərinin qurulması, elektrik stansiyalarının texnoloji sistemlərinin qurulması kimi geniş sahədə xidmətlər göstərir.

Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərən “Akfa Elektrik” MMC isə ən müxtəlif elektrik avadanlıqlarının və alətlərinin satışını, quraşdırılmasını həyata keçirir. Bu şirkətin Türkiyədə fəaliyyət göstərən eyni adlı holdinqlə hansı bağlılığının olduğunu dəqiqləşdirmək mümkün olmayıb.
Diaspora