Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları"nı ləğv edib və "Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları"nı təsdiqləyib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qaydalar Azərbaycan Respublikasının ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sisteminin (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarını tənzimləyir. Mərkəzi Bank tərəfindən hər növbəti ilin yanvar ayının 25-dən gec olmayaraq əvvəlki ilin yekun göstəriciləri əsasında sistem əhəmiyyətli iştirakçılar müəyyən edilir və bu barədə aidiyyəti iştirakçılar yazılı formada məlumatlandırılır. Fövqəladə hallar zamanı AZIPS və XÖHKS-də fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə sistem əhəmiyyətli iştirakçının fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpa planları olmalıdır. Fövqəladə hallarda fəaliyyətin davamlılığı planı və bərpa planı ildə bir dəfədən gec olmayaraq yenilənməlidir. Fövqəladə hallarda bərpa planı müxtəlif mümkün ssenariləri, o cümlədən təbii fəlakət, avadanlığın sıradan çıxması səbəbindən prosesin dayanması, terrorçuluq, kənardan müdaxilə, rabitə kanallarının kəsilməsi nəticəsində dayanmaları və digər mümkün halları əhatə etməlidir. Bu ssenarilərin hər biri üzrə iki saatdan gec olmayaraq AZIPS və XÖHKS-də fəaliyyətin bərpa edilməsi nəzərdə tutulmalıdır.Sistem əhəmiyyətli iştirakçı tərəfindən ehtiyat mərkəz yaradılmalı və əsas mərkəzdə istifadə olunanla eyni olan əsas infrastruktur avadanlığı, sistem konfiqurasiyası (texniki və proqram təminatı üzrə yeniliklər və dəyişikliklər), alternativ rabitə xətləri, dayanıqlı elektrik cərəyanı, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Avadanlıqların texniki vəziyyəti dövrü olaraq nəzərdən keçirilməli və yenilənməlidir. Ehtiyat mərkəz istənilən anda əməliyyatların aparılmasına hazır olmalı, işçi heyətinin fövqəladə hal aradan qaldırılanadək fəaliyyətinin davam etdirilməsi üçün lazımi şəraitlə təmin edilməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzdə həyata keçirdiyi fəaliyyəti başa çatdırdıqdan sonra nəticəsi barədə hesabatı 7 iş günü müddətində Mərkəzi Banka yazılı formada təqdim etməlidir.
Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallara hazırlıq səviyyəsini yoxlamaq üçün ən azı rübdə bir dəfə real vaxt rejimində ödəniş sistemlərində iştirakını ehtiyat mərkəz vasitəsilə təmin etməlidir. Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallarda fəaliyyətinin davamlılığının təmin olunması üçün sorğuların cavablandırılması və məlumat mübadiləsinin aparılmasına məsul olan əməkdaşları (əsas və əvəzedici şəxslər) təyin edərək onları təlimatlandırmalı, həmçinin bu əməkdaşlar haqqında hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka yazılı məlumat (adı, soyadı, vəzifəsi və əlaqə məlumatları) verməlidir. Məsul əməkdaşlar dəyişdirildikdə yeni təyin edilmiş şəxslər haqqında yazılı məlumat 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Sistem əhəmiyyətli iştirakçı AZIPS və XÖHKS-də fəaliyyətinin dayanmasına səbəb olmuş halları qeydə almalıdır. Bu hallar baş verdikdən sonra ən geci 3 iş günü müddətində hadisənin təfsilatı, o cümlədən baş verdiyi tarixi, onun aradan qaldırıldığı müddəti və görülən işlərin açıqlanması haqqında məlumatı Mərkəzi Banka yazılı formada təqdim etməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzi ilə əsas mərkəz arasında əsas proqram təminatları üzrə məlumat mübadiləsinin təşkilinə dair tərtib edilmiş topoloji diaqramı və ehtiyat mərkəzin yerləşdiyi ünvan barədə məlumatı hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka təqdim etməlidir.