OPEC başçısı: “Bu il neftin bahalaşacağını gözləyirik”

OPEC başçısı: “Bu il neftin bahalaşacağını gözləyirik” backend

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) bu ilin III və IV rübündə neftə tələbatın artacağını və “qara qızıl”ın bahalaşacağını gözləyir. “APA-Economics” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə kartelin prezidenti, Qətərin energetika naziri Məhəmməd Saleh əs-Səda deyib. Onun sözlərinə görə, OPEC bu ilin sentyabrında Əlcəzairdə keçiriləcək 15-ci Beynəlxalq Energetika Forumu çərçivəsində qeyri-rəsmi müzakirələr aparmağı planlaşdırır.

M.Saleh bildirib ki, bu ilin fevralından etibarən dünyanın müxtəlif regionlarında hasilatın azalması, tədarükdə fasilələrin olması və ehtiyatların azalmasından sonra neftin qiymətində stabil yüksəlmə müşahidə edilib. O qeyd edib ki, bir qədər əvvəl neftin ucuzlaşması və hazırda bazarda dəyişkənlik müvəqqəti xarakter daşıyır. Onun fikrincə, bu dəyişiklik neft hasilatında marjanın aşağı düşməsi, ifrat dərəcədə ehtiyatların, xüsusilə də neft məhsullarının olması, “Brexit” və onun maliyyə bazarlarına təsiri ilə əlaqədardır.

Nazir əlavə edib ki, neft istehlakçısı olan böyük dövlətlərin iqtisadi göstəricilərinin yaxşılaşacağı gözlənilir: “OPEC vəziyyəti diqqətlə izləməkdədir, təşkilat neft bazarında sifarişlərin sabitliyinin təmin edilməsi üçün yolların və vasitələrin müəyyənləşdirilməsi məqsədilə daimi olaraq təşkilata üzv ölkələrlə müzakirələr aparır”.
Diaspora