Elşad Paşasoy Arif Hacılıya etiraz olaraq Müsavatdan getdi

Elşad Paşasoy Arif Hacılıya etiraz olaraq Müsavatdan getdi backend

Tanınmış yazar, "Yeni Müsavat" qəzetinin "brend" imzalarından olan Elşad Paşasoy Müsavat Partiyasından istefa verib. Yazar bunu özünün yazdığı son köşə yazısında bəyan edib. E. Paşasoy istefasının səbəbləri haqqında bunları yazıb:

"Bizlər bu illər ərzində “Yeni Müsavat”la Müsavat Partiyası arasında fərq qoymadıq. Baş redaktorumuz keçən il partiyanı tərk edəndən sonra da “dostlar mən qərarımı verdim, siz də qərar verin” demədi, hər birimizin mövqeyinə sayğılı yanaşdı. Hətta Arif Hacılının başqanlığı dönəmində də baş redaktor olanlara rəğmən işçiləri qarşısında “Ya Müsavat, ya “Yeni Müsavat” seçimi qarşısında qoymadı. Ancaq Arif Hacılı son açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis vəziyyətdə qoydu. Bundan sonra susmağımız, olanlara boş verməyimiz ən azı ayıb olar. İnanıram ki, Rauf bəy də mənim qərarıma sayğılı yanaşacaq, hər halda mən 17 illik haqq-salamı, kəsdiyimiz duz-çörəyi, düz-çörəyi unuda bilmərəm, bəzilərindən fərqli olaraq.

Partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər səbəbindən 21 ildir üzvü olduğum Müsavat Partiyasının sıralarından istefa verdiyimi bəyan edirəm. Bundan sonra azad jurnalist, heç bir partiya öhdəçiliyi olmayan media mənsubu kimi xalqımızın xidmətində dayanmağı, dövlətimizin güclənməsi, ərazi bütövlüyümüzün təmin olunması sahəsində çalışmağı daha faydalı hesab edirəm. Təbii ki, partiya rəhbərliyində, sıravi üzvlər arasında kifayət qədər sağlam düşüncəli, əqidəli, Vətəninə, təşkilatına bağlı insanlarımızla normal münasibətlərimiz bundan sonra da davam edəcək. Fədakar müsavatçıların hər birinə uğurlar arzulayıram".

Qeyd edək ki, Müsavatın indiki başqanı Arif Hacılı jurnalist Əvəz Zeynallının "Qaynar Qazan" layihəsinə danışarkən, heç bir əsas olmadan "Yeni Müsavat" qəzetinə və onun təsisçisi Rauf Arifoğluna qarşı hücuma keçmiş, təhqir və böhtanlar atmışdı. Bəzi müşahidəçilər bunu Arif Hacılının hakimiyyətlə gizli işbirliyinə gedərək, ictimai diqqəti referendumdan yayındırmaq addımı kimi qiymətləndirirlər.
Diaspora