Azərbaycan banklarında əmanətlər azalır

Azərbaycan banklarında əmanətlər azalır backend

2014-cü ildə banklar əhalidən cəmi 791,5 milyon manat (təxminən 1 milyard dollar) əmanət cəlb edə biliblər.


Lent.az-ın məlumatına görə, “marja.az” Mərkəzi Banka istinadən xəbər verir ki, 01.01.2015-ci il tarixinə əhalinin banklarda əmanətləri 7 milyard 188,3 milyon manat təşkil edib. Bu, 2014-cü ilin eyni tarixi ilə müqayisədə 791,5 milyon manat və ya 12,4% çoxdur.

Banklarda əhalinin əmanətlərinin həcmi ötən ilin yanvarında 55,6 milyon manat, fevralında 140,3 milyon manat, martında 64,6 milyon manat artıb, aprelində isə 86,4 milyon manat azalıb. Sonrakı aylarda artım yenidən bərpa olunan əmanətlər mayda 73,1 milyon manat, iyunda 77,6 milyon manat, İyulda 219,4 milyon manat, Avqustda 52,8 milyon manat artıb. Sentyabrda isə 33,1 milyon manatlıq azalma baş verib. Yenidən əmanətlər artmağa başlayaraq oktyabrda 45,7 milyon manat, noyabrda 81 milyon manat, dekabrda isə 101,9 milyon manat artmışdır.

Müqayisə üçün qeyd edək ki, 2013-cü il ərzində banklarda əhalinin əmanətləri 1 milyard 282,4 milyon manat artıb. 2014-cü il ərzindəki artım (791,5 milyon manat) 2013-cü illə müqayisədə 1,62 dəfə azdır. Banklarda əhalinin əmanətləri 2012-ci ildə 993,6 milyon manat, 2011-ci ildə isə 1 milyard 90 milyon manat artmışdı. Yəni, 2014-cü ildəki artım 2011 və 2012-ci illərdəkindən belə azdır.

Qeyd edək ki, 1 avqust 2013-cü il tarixindən Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%-dən 10%-ə, ötən ilin May ayının 19-dan isə 10%-dən 9%-ə endirməsi ilə əlaqədar olaraq əhalinin əmanətlərinin dinamikası azalıb. Həmçinin, keçən il Mərkəzi Bankın İdarə Heyətinin qərarları ilə uçot dərəcəsi mərhələli şəkildə 4.75%-dən 3.5%-ə endirilmişdir. Faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar.
Diaspora