TQDK-dan gözdən əlil abituriyentlərə müjdə

TQDK-dan gözdən əlil abituriyentlərə müjdə backend

2016/2017-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil abituriyentlərə plan yerləri ayrılıb. Virtualaz.org Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən bildirir ki, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2016/2017-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil abituriyentlər üçün plan yerləri ayrılıb.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər tələb olunan sənədləri avqustun 1-dən 15-dək TQDK-ya (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ) və ya TQDK-nın Regional bölmələrinə təqdim etməlidirlər. Sənədlər Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış, yaşadığı ərazi üzrə poliklinikadan "peşəyə yararlılıq haqqında" tibbi arayış (AZS №086), "Abituriyentin elektron ərizəsi"dir.

Qeyd edək ki, müsabiqə bu il iyulun 5-də keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər.

Müsabiqədə ümumi balı 20-dən, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.
Diaspora