Ət bazarında mal ətinə olan tələbat stabil olsa da əhali qiymət artımından narazıdır. Ötən il bazarda mal ətinin qiymətində ucuzlaşma müşahidə olunub. Hətta bu qiymət açıq-aşkar hazırkı qiymətdən fərqlənir. Bu il ət bazarında mal ətinə qoyulan qiymət 9 manata yaxınlaşır.
Ekspertlər bunun ətin idxalı və yerli məhsula qənaətin aşağı olması ilə səciyyələndirirlər. Hələ 2015-ci ildə ölkədə mal ətinin qiyməti proqnozlaşdırılarkən ekspertVahid Məhərrəmov 2016-cı ilin ikinci rübündə, yəni bu tarixdə ətin bahalaşacağınıbildirmişdi. Belə ki,səbəblərdən biri kimi ölkə üzrə yem məhsullarının kifayət qədər tədarük edilməməsi əsas gətirilir. Regionların yem bazarında baş verən qiymət artımı fermerlərin mal-qaranı bazarlara çıxarmasına səbəb olub. Hazırda yaranan bolluq bir neçə aydan sonra ət qıtlığının yaranmasına və bu da öz növbəsində qiymətlərin artmasına səbəb ola bilər. Hazırda isə mal-qaranın baş sayının azalması və yem məhsullarının qiymətinin artması ətin qiymətinin birdən-birə bahalaşmasına səbəb ola bilər.Ət bazarında qiymətlərin qalxması ekspertlərin fikrinə görə sonuncu həddə dayanmır,qiymət bahalaşması davam edəcək.
İqtisadçı Qubad İbadoğlu isə məsələni araşdırarkən ortada qiymətin mövsümlə uyğunsuzluğunun olduğunu bildirir. Yay fəslində əksinə olaraq qiymətlərin aşağı enməli olduğunu söyləyən ekspert bunun başqa bir səbəbini izah edib:"Yay aylarında yaşıl yem və qüvvətli yemin qiyməti digər mövsümlərlə müqayisədə ucuz olur. Belə olan halda ət istehsalında əsas xərc maddəsi olan yemin qiymətinin nisbətən ucuz olması məhsulun maya dəyərini aşağı salır. Digər tərəfdən də yay aylarında kabab mövsümünə görə qoyun ətinə tələbat mal ətini nisbətən yüksək olur. Yayda mal ətinə olan tələbatın azalması onun qiymətində sabitliyi qorumalı idi. Amma bütün bunlar ət bazarında təklifin yerli istehsal hesabına təmin olunduğu halda özünü doğruldur. Lakintəəssüflər olsun ki, hələ də daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir. Müşahidələr göstərir ki, Rusiyadan ucuz qiymətə alınaraq gətirilən iri buynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra bazarlarda alıcılara təklif olunur. Hazırda isə ölkədə davamlı devalvasiya və rus rublunun dəyərinin son zamanlar möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətini artırır. Odur ki, hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsi getdikcə sərfəli olmayan biznesə çevrilir. Bunu xarici ticarət statistikasında həmin mal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir. Belə ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə idxal olunan diri heyvanların dəyəri 57,1 faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, ətin qiymətində ciddi bahalaşma müşahidə edilmir. "Mal əti hər yerdə 7-8 manata, quzu əti isə 8-9 manata alıcılara təklif olunur"-deyə nazirlik rəsmisi vurğulayıb. M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cüzi artım ola bilər. Bu da bazarda tələb və təkliflə bağlıdır: "Amma bizə rəsmi şəkildə ətin qiymətinin artması haqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təkliflə bağlı olaraq bazarlarda ətin qiymətində cüzi qiymət artımı ola bilər. Məsələn, biz bunu yumurtanın qiymətində də hiss edirik. 16 qəpiyə satılan yumurta bir ara 9 qəpiyə qədər düşmüşdü". M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarının bahalaşmasının heç bir təsiri yoxdur. Lakin fakt odur ki, ətin qiymətində 50 qəpik - 1 manat arası bahalaşma hiss olunur.
Qeyd edək ki, ekspertlərin ətin qiymətində artım olacağı ilə bağlı şərhləri əsassız deyil. Çünki qarşıdan qurban bayramı yaxınlaşır ki, sentyabr ayında da qiymət artımının davam edəcəyi istisna edilmir.
Rüfət Soltan